Gül kimi Nərgizi solduranlar... - Legionerlərə IN, öz idmançımıza OUT?

Azərbaycanda dövlət tərəfindən idmana lazımi qayğı göstərilsə də, bəzi məmurlar bundan öz məqsədləri üçün istifadə edirlər. İstedadlı yerli idmançılar qalır bir kənarda, onların yerinə bu camiədə adı-sanı bəlli olmayan əcnəbilər gətirilir. Sonra da deyirlər ki, çıx, Azərbaycan bayrağı altında mübarizə apar. Və nəticədə, Monqolustandan, Afrikanın ucqar kəndlərindən gətirilən “milliləşən” legionerlər adımızı da batırır, sanımızı da…

Sonda da üzgüçülük üzrə Azərbaycanı beynəlxalq yarışda təmsil edən legionerin suda boğulmamasına şükür edirik. Sonuncu belə nümunə isə lap biabırçıdır: Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner dağ xizəkçiliyinin slalom növündəki çıxışı zamanı yıxıldığı üçün finişə çata bilməyib.

Bu məqsədyönlü milliləşdirmə siyasəti futbolda da var, cüdoda da, boksda da, digər idman növlərində də. Sadəcə bir məqsəd var: legionerlərin cəlb edilməsi ilə büdcədən pul silinir, onların Avropa Oyunları, İslam Oyunları kimi yarışlarda qazanacağı uğura görə dövlət tərəfindən verilən mükafatların 80 faizindən çoxu mənimsənilir. Bu da olur “kənddə bədən tərbiyəsinin inkişafı”…

Bu kimi özbaşınalıqlara görə, Azərbaycandan qovulan, küsdürülən Nicat Rəhimov “Rio-2016″da ağır atletika üzrə Qazaxıstana qızıl medal qazandırdı. Eyni aqibətlə üzləşən Ramil Quliyev isə dünya çempionu olmaqla Türkiyə atletika tarixində bir ilkə imza atdı. Bu, ilk deyil, sonuncu da olmayacaq.

Çünki damarında azərbaycanlı qanı axan idmançılara qarşı laqeydlik hələ də davam edir. Biganəliklə üzləşənlərdən biri də 14 yaşında konkisürmə üzrə Almaniyada adından söz etdirən Nərgiz Süleymanovadır.

Bu qızcığazın potensialı o qədər yüksəkdir ki, almanlar onu öz yığmalarına cəlb etmək üçün artıq hərəkətə keçiblər. Bizimkilər isə yerində sayır, min bir bəhanələrlə Nərgizin Almaniya bayrağı altında çıxış etməsinə imkan yaradırlar.

Yenicag.az-a danışan Nərgizin atası Elmar Süleymanov övladının Azərbaycan bayrağı altında çıxış etməsi üçün dəfələrlə rəsmi qurumlara müraciət etdiyini desə də, müsbət cavab almadığını bildirib:

“Bakıda doğulub-böyümüşəm. 2001-ci ildən Almaniyada yaşayıram. Üç övladım var, onların ən balacası Nərgizdir. Almaniyada son 2-3 ildə çıxış etdiyi daxili turnirlərdə fəxri kürsünün birinci pilləsinə yüksəlir. Bundan başqa iki ildir ki, ardıcıl şəkildə regionun ən vacib yarışlarından sayılan “NRW Trophy”nin qalibi olur. Bu yaxınlarda da gənclər arasında keçirilən Almaniya çempionatında çıxış etdi və 10 ən yaxşı idmançı arasında yer aldı. İndi də Almaniya millisindən dəvət alması an məsələsidir. Bir sözlə, potensialı çox yüksəkdir.

Azərbaycan millisində çıxış etməsi üçün Bakıya danışıqlara gəldim. Amma mənə dedilər ki, bizim idmançılarımız var. Maraqlandım ki, heç biri yerli deyil, ordan-burdan gələnlərdir. Nərgiz barəsində yazılanları, qazandığı uğurların hamısını Milli Olimpiya Komitəsinə təqdim etdim. 1 ildən çox saxladılar, sonra da dedilər ki, “gəl sənədləri götür, bizim pulumuz yoxdur”. Mən də təklif etdim ki, əgər pulunuz yoxdursa, biz öz hesabımıza Nərgizi məşq etdirərik, siz heç olmasa milliyə dəvət edin. Hərə bir cür başından etdi. Və beləcə söhbət qapandı. Neçə dəfə müraciət etdik, hər dəfə də rədd cavabı aldıq. Qış İdmanı Federasiyasının baş katibi Fuad Quliyevlə də görüşmüşdüm. Dedi ki, mənlik heç nə yoxdur.

Nərgiz gündə 2-3 saat buz üstə məşq edir. Biri var, buzun üstündə tək olsun, biri də var 15-20 nəfərlə… Buna görə də sərbəst məşq edə bilmir. Buzun bir saatlıq icarəsi isə 300 avrodur. Bir sözlə, tam peşəkar şəkildə hazırlaşa bilmir. Buna baxmayaraq, ayda 2000-3000 avro xərcimiz çıxır. Heç olmasa, 3000 avro da dövlət yardım etsə, daha yaxşı yerlərə gələ bilər”.

Gənclər və idman naziri Azad Rəhimovun diqqətinə! Almaniyada yetərincə məşhur olan Nərgiz 14 yaşına qədər artıq “Piruetlər kraliçası” ləqəbini qazanıb. 2016-cı ildə məşhur fiqurlu konkisürən Katarina Vittin 50 illiyi ilə bağlı çəkilən filmdə onun uşaqlığını oynayıb. Yaşadıqları şəhərin Köln klubunun 75 illiyi ilə bağlı ulduzların adları, şəkilləri, onlar haqda məlumat verilən kitabda da yeniyetmədən bəhs edilib, o, “Yeni ulduz – Nərgiz Süleymanova” kimi təqdim olunub. Yəni onun potensialını görmək bu qədərmi çətindir?

Nərgizin Azərbaycan millisinə dəvət olunması, onun məşq xərcləri sizin nazirlik üçün elə də böyük məbləğ deyil axı…

EMİN SƏFƏROV  yenicag.az

Tarix: 4 Mart [13:30]
Oxunub: 128 dəfə
Müəllif: Aut.az

Xorvatiya yığmasına ŞOK! - Komandadan qovuldu

Aut.az

Velosipeddən yıxılıb öldü

Aut.az

Millimizin üzvü Rumıniya klubunda!

Aut.az

Günün oyunları - TV

Aut.az

Günün oyunları - TV

Aut.az

Məşhur döyüşçüyə Rusiya pasportu verildi

Aut.az

Millimizin üzvü İtaliya klubu ilə müqavilə bağladı - FOTOLAR

Aut.az

Elvin Məmmədovun yeni klubu bəlli oldu - Rəsmi

Aut.az

Patrik Vieyra "Nitsa"da

Aut.az

Dünyaca məşhur boksçular döyüşü buraxıb, onları izlədilər

Aut.az