Sultanovun perspektivi: o, hələ də seleksiyaçı menecer kimi danışır

 
“Neftçi”də rəhbərlik dəyişir. Prezident təyin olunan Kamran Quliyevin ardınca, onun sağ əli Ceyhun Sultanovun da Bakı klubunda peyda olması təsadüf deyil.
 
Bəllidi ki, Quliyev öz komandasını yığır və “Sumqayıt”da birgə işlədiyi meneceri indi paytaxt təmsilçisində söz sahibi etdi. Yeni idman direktoru “Neftçi”də həm də böyük səlahiyyətlərə sahib olacaq. O, bütün komandalarda, akademiyada əsas iş icraçısı kimi özünü sübut etməlidi.
 
Sultanovun personası təzadlıdı. Funksioner kimi özünü yalnız bu mövsüm sübut edə bildi. Bunadək ciddi uğuru olmamışdısa, indi qurulmasında xidmət göstərdiyi komanda avrokuboklar üçün döyüşür. “Sumqayıt” həm də ən yaxşı futbol sərgiləyən komandalardan biridi, döyüşkən heyəti var. Oyunçuların seçilməsində isə baş məşqçi Samir Abasovla yanaşı, Sultanovun da rolu olub.
 
Təbii ki, “Neftçi” “Sumqayıt” deyil, Ceyhunun məsuliyyət yükü indi daha artıq, əziyyəti ikiqat olacaq. Üstəlik, o, menecer kimi yox, idman direktoru kimi fəaliyyət göstərəcək. Bunlar fərqli postlardı, fərqli bacarıqlar tələb edir. Bu səbəbdən Sultanovun fəaliyyətinə qiymət vermək üçün bir qədər zaman lazımdı.
 
Təyinatının ilk günü verdiyi açıqlama Sultanovun səhvidi. Çünki Kamran Quliyev Avropa Liqasına vəsiqə qazanmaq lazım olduğunu, bunun üçün hər cür şəraitin mövcudluğunu dediyi vaxt, Ceyhun fərqli danışdı. O, komanda qurmaq üçün 3 ay vaxtları olduğunu bildirdi. Deməli, fikirlər haçalanır, hələ rəhbər heyətin “komanda oyunu”nu görmürük.
 
Sultanov bu təyinatadək menecer vəzifəsində çalışdığı "Sumqayıt"dan "Neftçi"yə futbolçu transferlərinin mümkünlüyünü istisna etməyib: "Gələcəkdə hər şey ola bilər. Biz 3 ay gözləməliyik ki, o futbolçular "Sumqayıt"da daha yaxşı səviyyədə olsunlar. Bu, heç kimə sirr deyil: Bir neçə futbolçu var ki, onları "Neftçi"yə cəlb etməyi planlaşdırırıq. Amma ən birincisi, baş məşqçi ilə razılaşmaq lazımdır. Onun razılığı vacibdir. Nəinki "Sumqayıt"da, həvəskar klubda da çalışsaq, baş məşqçinin razılığı olmadan komandaya futbolçu cəlb edə bilmərik. Bu gün sizə bir futbolçunun adın söyləyək, 3 ay ərzində həmin futbolçunun çıxışında eniş olsa, necə olacaq? Baş məşqçiyə futbolçuların siyahısını təqdim edəcəyik. O isə baxacaq. Mən özüm də o futbolçuya baxıb, onun keyfiyyətlərini Tərlan müəllimin qarşısına qoyacam. Baş məşqçi isə bəyənsə, həmin futbolçu ilə müqavilə bağlanacaq. Heç bir insan bura hansısa futbolçunu ata bilməz. Bu, heç kimin ağlına gəlməyəcək. Belə hallar olmayacaq, ola da bilməz! Çünki futbol bunu tələb edir. Baş məşqçimizin bəyəndiyi oyunçular burada olacaq".
 
Zənnimizcə, bu açıqlama da doğru deyil. Sultanov “Sumqayıt”dakı donundan çıxa bilməyib – hələ də menecer, seleksiyaçı kimi danışır. Halbuki o, artıq idman direktorudu, fərqli iş prinsiplərinə söykənməli, transfer məsələlərə isə nəzarət etməlidi, birbaşa məşğul olmamalıdı.
 
Ümumiyyətlə, idman direktoru postu “Neftçi”də başıbəlalı vəzifədi. Bir neçə dəfə yaradılıb ləğv edilən bu vəzifə sanki kimisə kluba yerləşdirmək üçün istifadə olunur. Halbuki normal klublarda idman direktoru ən önəmli postlardan biridi. Təssüf ki, “Neftçi”də vəzifələrə görə kadrlar seçilmir, kadrlara görə ştatlar açılır.
 
Lakin adı nə olur-olsun, indiki halda idman direktoru postunun yaradılması idarəedici komandanın formalaşdırılmasına xidmət edir. Tezliklə ixitisarlar başlayacaq və həddindən artıq yüklənmiş klub büdcəsi göndəriləcək lazımsız işçilərin hesabına özünə gələcək. İndiyədək klubda prezident müşaviri postu var idi və yəqin ki, o da ləğv olunacaq.
 
İlk açıqlamalardakı büdrəmələr gözləniləndi, iş bölgüsü dəqiqləşənə, Quliyevin rəhbər komandası formalaşana kimi belə nüanslar olacaq. Əsas odur ki, Sultanov həqiqətən klubun inkişafına töhfə versin. Futbolçuluğuna söz yox idi, funksioner kimi yalnız bu mövsüm ön plana çıxır. Davamının gəlməsini gözləyir və arzulayırıq, çünki futbolun inkişafı bu sahədən çıxan insanların fəaliyyətindən asılıdı.
 
Ceyhun bir məqamı da unutmamalıdı – “Neftçi” “Sumqayıt” deyil. O, ölkənin ən qocaman klubuna gəlib və daim nəzərlərüzərində olacaq. Daha “Keşlə” üçün oyunçu gətirmək, bir başqa klub üçün toplanış təşkil etmək kimi əlavə məşğuliyyətlər unudulmalıdı. Zeynal Məmmədovla “Bakı”da etdiyi pərdəarxası oyunlara da burada yer yoxdu. Antalyada qonaq qarşılayan Tərlan Əhmədovu güddürən adam indi ona komandasının baş məşqçisi kimi hörmət göstərib, əlbir işləməlidi.(futbolinfo)
Tarix: 22 Fevral [11:00]
Oxunub: 113 dəfə
Müəllif: Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az