“Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı

2007-nin yayında“Neftçi”nin baş məşqçi postuna Vlastimil Petrjelanın gətirilməsi həmin dönəmdə böyük səs-küyə səbəb olmuşdu.
 
Hələ xəbər ortalığa çıxanda, çoxları buna inanmırdı. Zarafat deyil, Petrjela həmin dövr üçün kifayət qədər ad-san sahibiydi.
 
“Zenit”də çalışdığı üç ilyarım ərzində Rusiya premyer-liqasının gümüş mükafatına sahib çıxmış, komandası kuboku başı üzərinə qaldırmışdı.
 
Məsələn, 2003-2006-cı illər aralığında Petrjelanın bir müddət sonra Azərbaycanda çalışacağını kimə desəydin, adama gülərdilər. Amma bu baş verdi.

Di gəl ki, ölkəmizdəki fəaliyyəti cəmi 5 ayı əhatə etdi. 2007-nin avqustunda “sükan arxasına” keçən təcrübəli mütəxəssis növbəti ilin yanvarında “ağ-qaralar”dan ayrıldı.
 
“Neftçi” “Tofiq Bəhramov”da “Bakı”ya 1:5 hesabıyla məğlub olanda, uduzan komandanın baş məşqçisi məhz çexiyalı çalışdırıcı idi. Bakılıların qeyri-sabit çıxışı komandanın qış fasiləsinə 3-cü pillədə yollanmasını şərtləndirdi.
 
Lakin bir anda nə baş verdisə, Petrjela Azərbaycanı tərk etdi. Qumara qurşandığı, səhərləri kazinolarda açdığı deyilirdi. Futboldankənar əməlləri klub rəhbərliyinin də qulağına çatmışdı deyə, onunla əməkdaşlığa vaxtından əvvəl xitam verildi.

Xeyli vaxtdı “feysbuk”da dost siyahımda olan Vlastimil Petrjela ilə əslində yeni il ərəfəsində danışmalıydım. Lakin sıx iş qrafiki, tapşırıqların çoxluğu söhbətimizi dünənə qədər uzatdı. Yayda 65 yaşını qeyd edəcək mütəxəssislə danışmaq imkanı yaranmışkən, bir çox məqamlara toxunduq. 

Necəsiz, haralardasız?
- Ostravadayam, dincəlirəm. Birinci liqada çıxış edən “Banik”i çalışdırırdım. Lakin baş məşqçi postundan ayrılmalı oldum. Rəhbərliklə fikirlərimiz üst-üstə düşmürdü. Odu ki, hazırda klubda idman direktoru vəzifəsini tuturam. Müqaviləmin müddəti başa çatmadığına görə “Banik”dəyəm. Açığı, artıq Çexiyada işləmək istəmirəm. Tanış agentlər xarici klublarla maraqlanır. Burda vəziyyət çox dəyişib. 
 
Təkliflər var?
- İngilis dili problemini hələ də həll edə bilməmişəm. İllərdi çalışıram, öyrənə bilmirəm. Amma rus dili mənə doğmadı. Ona görə də əsasən rusdilli ölkələrin birində işləmək istəyirəm. Bir müddət əvvəl Polşa və Çin klublarından təklif almışdım. Sırf dil probleminə görə razılıq vermədim. Dil problemi olan yerdə nəticə qazanmaq da istər-istəməz çətin olur. Bunu mən yox, təcrübə deyir. 
 
Rusdilli ölkələrdən maraqlananlar yoxdu? 
- Belarusdan zəng vurmuşdular. Komandanın vəziyyətinə baxdım, xoşuma gəlmədi. Orda uğur qazanmaq mümkünsüzdü. Vaxt keçirmək isə mənlik deyil. Bir də Rusiyanın aşağı dəstə təmsilçilərindən birinin rəsmisi əlaqə saxlamışdı. Həmin komanda da tələblərimə cavab vermirdi. Premyer-liqa komandası, ya da elitaya yüksəlməyi hədəfləyən olsa, başqa məsələ. Azərbaycanda işləmək istəyirəm (gülür). Hətta baş məşqçi kimi olmasa da, klub funksioneri kimi. Təcrübəm hesabına hansısa mənada fayda verə bilərəm. 
 
Niyə məhz Azərbaycan? Sizi bura çəkən nədi?
- Orda sözümü deyə bilmədim, Daha doğrusu, imkanım olmadı. Həm də Bakıda qız dostum var. Yenidən onun yanında olmaq istəyirəm.
 
O necə olur? Belə çıxır ki, Azərbaycana gəlib-gedirsiz?
- Orda yaşayanda tanış olmuşduq, müəyyən münasibətlərimiz vardı. Lakin Çexiyaya qayıdandan sonra bir də Bakıya getmədim. Özü də məni başa düşürdü. Buna baxmayaraq, tez-tez danışırıq, əlaqəmiz var. O da mənim yenidən Azərbaycanda çalışmağımı istəyir.
 
Azərbaycanlıdı?
- Bəli. Amma biz onunla rus dilində danışırdıq. Çox sevirəm onu. 
 
Sevirsiz, amma 10 ildən çoxdu üzünü görməyə imkan tapa bilməmisiz?
- Çalışıram, amma alınmır. Ona görə də Azərbayacanda çalışıb, onunla evlənmək istəyirəm. 
 
Bildiyimə görə ailəlisiz. Hətta 2009-un dekabrında həyat yoldaşınızdan müsahibə götürmüşdüm. 
- Onunla 15 ildən çoxdu rəsmən boşanmışıq. Sadəcə, bir yerdə yaşayırdıq. İndi isə tam ayrıyıq. 
 
“Neftçi”dəki fəaliyyətiniz cəmi 5 ay sürdü. Halbuki sizdən gözləntilər böyük idi. Nə baş verdi? 
- O vaxt klubun vitse-prezidenti vardı, səhv etmirəmsə, indi çempionata cavabdehlik daşıyır.
 
Ramin Musayev...
- Hə-hə, Ramin Musayev. O mənim “Neftçi”də qalmağımı istəmirdi. Ona görə də ayrılmalı oldum. Mənim üçün qarşılıqlı anlaşma və inam hər şeydən vacibdi.
 
Nə baş vermişdi?
- Jurnalistin yazısı Musayevin xoşuna gəlməmişdi. Ondan sonra mənimlə prinsip aparmağa başladı.
 
Hansı yazı? 
- Klub prezidenti, vitse-prezident və mənim aramda “Neftçi”nin siyasətinə aid söhbət olmuşdu. Mən də həmin söhbəti “Zenit”dən tanıdığım Marat adlı jurnalistə danışmışdım. Bunları media üçün yox, sadəcə, dostyana söyləmişdim. Marat da dediklərimi Azərbaycandan olan jurnalistə ötürmüşdü, o da yazmışdı. Və beləcə müəyyən narazılıq baş qaldırdı. Belə deyim, üçümüzün arasında olan söhbətin kənara çıxması vitse-prezidentə xoş gəlməmişdi. Əlbəttə, səhv mənim idi. Ancaq buna görə o qədər dərinə getməyə dəyməzdi.
 
Üçünüzün arasında olan söhbət nə idi ki?
- Klub prezidenti bəzi legionerlərin “milliləşdirilməsini” təklif etmişdi, Ramin Musayev isə buna qarşı idi. Nə isə, başqa söhbətdi. Yenidən ora qayıtmağın mənası yoxdu. 
 
“Neftçi”ylə müqavilənizin müddəti davam edirdi. Belə asanlıqla klubdan ayrılmağa razı olduz? 
- İndiyə kimi yadımdadı, çərşənbə axşamıydı, mən də qış fasiləsi idi deyə Parisdə bir məclisdəydim. Ramin Musayev zəng vurub, lazım olan sözləri mənə çatdırdı. Ondan sonra “Neftçi”də qalmağın mənası yox idi. Halbuki “qızıl dubl” edə bilərdik. Qış fasiləsinə 3-cü pillədə yollanmışdıq, kubokda mərhələ adlamışdıq. Çox yaxşı şansımız vardı. Səhv etmirəmsə, mövsümün yekununda “Neftçi” bürünc medallarla kifayətləndi. 
 
Gedəndə nə qədər təzminat aldız?
- Heç nə almadım. Çünki orda çalışdığım yarım mövsümün pulunu yayda, hələ müqavilə bağlayanda vermişdilər. Razılıq belə olmuşdu.
 
Nə qədər?
- Yayda yarım mövsüm üçün 70 min avro almışdım. 
 
Aydındı. Siz belə deyirsiz, amma bizdə olan məlumat başqadı. “Neftçi”dən ayrılmağınızın səbəbi kimi gecələri kazinolarda keçirməyiniz göstərilir. 
- Boş söhbətdi, inanmayın. 

Necə yəni yalandı? Tanışlardan biri sizi kazinoda görmüşdü.
- Ola bilməz! Mümkün deyil! Bakıda heç bir kazino yox idi. Olsaydı, bəlkə də gedərdim. Bakıda olduğum müddətdə heç bir kazinoya getməmişəm, yolunu tanımamışam. Həmin vaxt Çexiyada ən tanınan məşqçi olduğuma görə hər yerdə adımı qumarbaz çıxarmışdılar. Sifarişlə yazılan yazılar idi, oxuyub gülürdüm. “Neftçi”dən ayrılmağımın tək səbəbi klub rəhbərləri ilə aramızdakı söhbəti Marata deməyim idi.
 
“Bakı”ya 1:5 hesablı məğlubiyyət yadınızdadı?
- Əlbəttə, yadımdadı.
 
Üstündən xeyli vaxt keçib. Əslində həmin matçda nə baş vermişdi? Çünki kifayət qədər şübhələr vardı.
- Heç nə baş verməmişdi. Təmiz oyun idi. Sadəcə, rəqibi düzgün qiymətləndirməmişdik. Bir də ən böyük səhvimiz onların afrikalı futbolçusuna (het-trik edən Əhməd Ticanini nəzərdə tutur) xüsusi diqqət yetirməməyimiz olmuşdu. Səhv etmirəmsə, “Bakı”da ilk oyuna çıxmışdı, tanımırdıq onu. 
 
Azərbaycan futboluyla maraqlanırsız?
- Lap yaxından izləməsəm də, ümumi mənzərəylə tanışam. Klublarınız avrokuboklarda yaxşı nəticələrə imza atsalar da, yığma səviyyəsində heç nə görmürəm. 10 il əvvəl necəydisə, indi də elə. Çempionatdakı komandaların sayı da azalıb. Azərbaycanda futbola böyük pullar yatırılır, tədricən inkifaş görünməkdədi, görünəcək. Yeri gəlmişkən, o gün “Slaviya”nın əvəzedicilərinin oyununa baxırdım. İki futbolçunu bəyəndim, soruşdum, dedilər azərbaycanlılardı. Çox sürətli, texnikalı gənclərdi. “Slaviya”da qalmağa çalışsınlar. Bacara bilsələr, 2-3 ildən sonra o uşaqların səsi görəcəksiz hardan gələcək. 
 
Yığmamız Ostravada Çexiya ilə qolsuz bərabərə qalmışdı. Həmin oyun yadınızdadı?
- Tribunada oturmuşdum, əlbəttə, yadımdadı. 
 
Necə təsir bağışladı?
- Açığı, o cür oyuna futbol adı vermək çətindi. 11 nəfərlə müdafiə olunmaqla futbol olmaz. Çexlərin saysız-hesabsız qol şansları oldu, amma top qapıdan keçmirdi. Səmimi deyim, “Qarabağ”ın inkişafı fonunda Azərbaycan millisindən daha parlaq, daha inamlı oyun gözləyirdim.
 
Sizcə, “Qarabağ”la yığmanın paralel inkişaf edə bilməməsinin səbəbi nədi?
- Çünki “Qarabağ”ı uğura daşıyan futbolçular təkcə azərbaycanlılar deyil. Çox sayda legionerləri var. Ona görə də nəsə edə bilirlər. Sırf azərbaycanlılarla oynasalar, çətin Avroliqanın, yaxud Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansınlar. Azərbaycanda usta futbolçuların sayı azdı. Mənim vaxtımda “Neftçi”də oynayan Sadıqov (Rəşad Sadıqovu nəzərdə tutur) hələ də komandasının lideridi. Çünki gənclər yetişmir, davamı gəlmir. 
 
“Qarabağ”ı bəyənirsiz?
- Əlbəttə, həm də çox. Oyun intizamına riayət edən komandadı. Maraqlı futbol sərgiləyirlər. Plzendə “Viktoriya”, Liberetsdə “Slovan”la görüşlərini canlı izlədim. Düzdü, Liberetsdə qəzaya uğrayıb, boyük hesabla məğlub oldular. Hiss olunurdu ki, rəqibi düzgün qiymətləndirməyiblər. O vaxt biz “Bakı”nı düzgün qiymətləndirmədiyimiz kimi. Sonda yenə qeyd edim ki, “Slaviya”dakı uşaqlar orda qalmağa çalışsınlar. Çox xoşuma gəldilər (Futbol+). 
Tarix: 22 Fevral [10:50]
Oxunub: 235 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az