İstedadlı solaxay, bəxtsiz məşqçi, dalaşqan insan - YAZI

Serbiyanın dünya futbolunda özünəməxsus çəkisi var. Bu ölkənin yığma komandasının beynəlxalq turnirlərdə böyük uğurları yoxdur, serb klublarının nailiyyətləri isə barmaqla sayıla biləcək qədərdir. Buna baxmayaraq, bu ölkənin yetişdirdiyi dünya səviyyəli futbolçular az deyil. Predraq Miyatoviç, Deyan Saviçeviç, Mateya Kejman, Nemanya Vidiç... Onlardan biri də 12 il əvvəl futbolçu karyerasını başa vurmuş Sinişa Mixayloviçdir. Fevralın 20-i onun doğum günü idi. Ulduz futbolçu 49-cu ad gününü qeyd etdi. Bu üzdən qəzetimizin bu sayının posteri Sinişa Mixayloviçdir. Onun haqqında hazırladığımız məqaləni təqdim edirik.
Özünü serb hesab edən xorvatiyalı
Sinişa Mixayloviç 1969-cu il fevralın 20-də keçmiş Yuqoslaviyanın Vukovar şəhərində (indiki Xorvatiyanın ərazisi - red.) dünyaya gəlib. Uşaqlığı isə Borove-Naseldje qəsəbəsində keçib. Atası Boqdan milliyyətcə serb, anası Viktoriya isə xorvat idi. O, kasıb ailədə böyüyüb. Boqdan Mixayloviç sürücü, Viktoriya isə ayaqqabı fabrikində fəhlə idi. 2011-ci ildə atasını itirən Sinişanın Drajen adlı qardaşı var. Drajen Sinişadan 4 yaş kiçikdir. O, özünü serb sayır. Amma həmişə vətəninin Xorvatiya olduğunu deyir. 
Peşəkar futbolda ilk addımları
Sinişa futbola Vukovarı təmsil edən “Borova" klubunda başlayıb. 17 yaşında klubun əsas komandasına cəlb edilib. 1986-cı il mayın 25-də əsas komandanın heyətində “Sparta"ya qarşı ilk oyununa çıxıb və 1:1 hesabı ilə başa çatan qarşılaşmada qol vurub. Maraq üçün qeyd edək ki, onun ilk maaşı 500 İsveçrə frankı olub. Mixayloviç 1988-ci ilə kimi “Borovo"nun şərəfini qoruyub. O, 3 il müddətində bir çox klubların diqqət mərkəzinə düşüb. “88"in yayında daha güclü “Voyvodina" Sinişanı heyətinə qatıb. 1988/89-cu illər mövsümündə bu klubla ilk çempionluğunu yaşayan Sinişa 1991-ci ilin yanvarında 1 milyon alman markası qarşılığında “Srvena Zvezda"ya keçib. “Srvena Zvezda" onunla 4 illik müqavilə bağlayıb. Onun bu izdivacdan qazancı illik 240 min marka, həmçinin “Mazda" markalı avtomobil və Belqradın mərkəzində 3 otaqlı mənzil idi.
Belqrad təmsilçisində ilk mövsümündəcə 2-ci dəfə Yuqoslaviya çempionu adını qazanıb. Amma onun ən böyük uğuru qitəmiqyaslı turnirlə bağlıdır. 1991-ci ildə Çempionlar Kubokunun finalına kimi irəliləməyi bacaran “Srvena Zvezda" həlledici oyunda Fransanın “Olimpik" komandasını penaltilər seriyasında məğlub edərək Avropanın ən güclü komandası adını qazanıb. Bu uğurda Mixayloviçin əməyi az deyildi. Bundan sonra “Srvena Zvezda"nın bir neçə futbolçusu, o cümlədən qəhrəmanımız Avropanın məşhur klublarının diqqət mərkəzinə düşüb. Yeri gəlmişkən, Mixayloviç “Srvena Zvezda"nın heyətində Qitələrarası Kuboka da sahib çıxıb. Belqrad təmsilçisi elə həmin il Çilinin “Kolo-Kolo" komandasının 3:0 hesabı ilə məğlub edərək daha bir titula yiyələnib.
İtaliya karyerası
Bəri başdan qeyd edək ki, istedadlı müdafiəçi karyeqasının sonuna kimi İtaliya klublarında oynayıb. İlk olaraq 1992-ci ildə “Yuventus" onu heyətinə qatmaq istəyib. Amma o, həmyerlisi Vuyadina Boşkovun çalışdırdığı “Roma"ya keçməyə üstünlük verib. Futbolçunun transferinə görə “Roma" “Srvena Zvezda"ya 5,9 milyon ABŞ dolları ödəyib. 1994-cü ilə kimi paytaxt təmsilçisinin şərəfini qoruyan futbolçu bu klubla hansısa uğur qazanmayıb. Təsadüfi deyil ki, Sinişa xatirələrində “Roma"dakı illərini “karyeramın ən mənasız 2 ili" kimi qələmə vermişdi. 
Uğursuzluğa son qoymaq üçün o, 1994-cü ilin yayında Sven-Qoran Erikssonun məşqçisi olduğu “Sampdoriya"dan gələn təklifi qəbul edib. Amma burada keçirdiyi 4 mövsümdə titulsuz qalıb. Onun futbolçu karyerasında qazandığı uğurlar növğəti komandası ilə bağlıdır. Söhbət “Latsio"dan gedir.
Roma təmsilçisini o vaxt tanış sima - Erikkson çalışdırırdı və məhz onun istəyi ilə “Latsio" Mixayloviçə görə 8,5 milyon funt-sterlinq ödəməyə razı olub. Bu komandada keçirdiyi 6 mövsüm onun karyerasının pik nöqtəsi idi. Skudetto, İtaliya Kuboku və superkuboku, UEFA Kuboku, Kuboklar Kuboku... Bütün bu uğurları o, “Latsio" ilə qazanıb. Üstəlik, 1999-cu ildə Serbiyanın ən yaxşı futbolçusu seçilib.
2004-cü ildə o, ünvanın dəyişmək qərarına gəlib. Buna səbəb “İnter"in baş məşqçisi olan yaxın dostu Roberto Mançinidən gələn təklif olub. Daha 2 il burada oynayan Mixayloviç bu müddətdə titusuz qalmayıb. Karyerasının qürub çağında İtaliyanın 3 əsas trofeyinə sahib çıxan futbolçu 2005/06-cı illər mövsümü başa çatınca karyerasını bitirdiyini elan etdib. 
Mixayloviç solaxaydır. O, həm də cərimə zərbələrinin mahir ifaçısı kimi yadda qalıb. İtaliyadakı karyerası ərzində 27 halda cərimə zərbəsindən qol vurub ki, bu göstərici ilə ancaq Anrdero Pirlodan (28) geri qalır. Maraqlı fakt: “Latsio"da çıxış edərkən “Sampdoriya" ilə oyunların birində Mixayloviç cərimə zərbəsindən 3 dəfə fərqlənmişdi...
Milli karyerası
Mixayloviç 2 dövlətin yığma komandasında oynayıb. Əvvəl Yuqoslaviya yığmasında, bu dövlət dağılandan sonra isə Serbiya və Çernoqoriya millisində. 1991-2001-ci illər aralığında milli forma ilə 63 oyuna çıxan futbolçu 10 dəfə özünün vurduğu qola sevinib. O, 1998-ci ildəki mundialın və 2000-ci ildə keçirilən Avropa çempionatının iştirakçısıdır.
Uğursuz məşqçi həyatı
Futbolçu karyerasını başa vurduqdan sonra “İnter"dən ayrılmayan Mixayloviç bir müddət Roberto Mançininin köməkçisi kimi məşqçilikdə ilk addımlarını atıb. 2008-ci il mayın 29-da Mançininin gedişi ilə o da “İnter"i tərk edib və 2008-ci ilin noyabrında “Bolonya"nın sükanı arxasına keçib. Amma onun buradakı fəaliyyəti uğurlu alınmayıb. Növbəti ilin 14 aprelində “Bolonya"nın “Syena"ya uduzduğu (1:4) oyundan sonra istefaya göndərilib. Təxminən 1 il işsiz qalan məşqçi 2009-cu ilin son ayında “Katanya"nın təklifini müsbət dəyərləndirsə də, mövsüm başa çatan kimi istefa verib. Səbəb kimi daha güclü komandalarda işləmək istəyində olduğunu göstərib. Bundan bir neçə gün sonra istəyinə çatıb və iddialı “Fiorentina" ona tapşırılıb. Lakin buradakı fəaliyyəti rəhbərliyi qane etməyib və ondan postunu könüllü təhvil verməsi istənilib. Etiraz edən Mixayloviç 2011-ci ilin noyabrında məcburi istefa göndərilib. 
2012-ci ilin mayında Serbiya millisinin baş məşqçisi postuna gətirilən Mixayloviçlə 2 illik müqavilə imzalanıb. Gəl ki, burada da uğursuzluqla yadda qalıb. Onun rəhbərliyi altında milli 2014-cü ildəki mundiala vəsiqə qazana bilməyib. Təbii ki, bu halda Mixayloviç postundan göndərilib. Ümumiyyətlə, məşqçi kimi Mixayloviç bir yerdə qarar tura bilmir. 2013-cü ildən 2016-cı ilə kimi “Sampdoriya" və “Milan"da işləyən məşqçi 2016-cı ildən bu yana “Torino"nu çalışdırırdı. Amma ayyarım əvvəl İtaliya Kubokunun 1/4 finalında “Yuventus"a 0:2 hesablı məğlubiyyətdən sonra oradan da uzaqlaşdırıldı. 
Mixayloviç baş məşqçi kimi heç bir uğur qazanmayıb. Amma “İnter"də Mançini ilə işlədiyi vaxt köməkçi kimi 3 mükafata sahib çıxa bilib. O, 2 dəfə İtaliya çempionu olub, 1 dəfə isə ölkə superkubokuna sevinib.
Şəxsi həyatı
Bir vaxtlar TV8-də rəqqasə işləmiş Adriana Rapaçioni ilə ailə həyatı qurub. Bu izdivacdan onun 5 övladı dünyaya gəlib. Bundan başqa Sinişanın 1993-cü il təvəllüdlü daha bir oğlu da var. Nikahdankənar dünyaya gələn həmin uşağı o, ilk dəfə 11 yaşında görə bilib. Çünki uşağın anası ilə düşmən münasibətində olub. 
Ümumiyyətlə, Mixayloviç xaraktercə çətin adam kimi tanınıb. Tez-tez klub dəyişməsi bəlkə də bundan irəli gəlir. Hələ futbolçu vaxtlarında münaqişəyə meyilli olması ilə ad çıxaran Mixayloviç dəfələrlə oyunlarda rəqib futbolçularla əlbəyaxa olub. “Latsio"da oynayarkən “Parma" ilə oyunların birində rumıniyalı Adrian Mutunun üzünə tüpürən Mixayloviç 2000-ci ildə “Arsenal"la qarşılaşmada rəqibin üzvü Partik Vieyranı “qara nəcis" adlandırmışdı. O, həmçinin, bir neçə dəfə siyasi baxışları və milliyətçi çıxışları ilə də gündəmə gəlib. 
Nailiyyətləri
“Voyvodina": Yuqoslaviya çempionu (1988/89)
“Srvena Zvezda": 2 dəfə Yuqoslaviya çempionu (1990/91, 1991/92), Çempionlar Kuboku (1990/91), Qitələrarası Kubok (1991)
“Latsio": İtaliya çempionu (1999/2000), 2 dəfə İtaliya Kuboku (1999/2000, 2003/04), 2 dəfə İtaliya Superkuboku (1998, 2000), Kuboklar Kuboku (1998/99), UEFA Superkuboku (1999).
“İnter": İtaliya çempionu (2005/06), 2 dəfə İtaliya Kuboku (2004/05, 2005/06), İtaliya Superkuboku (2005).
Fərdi: Serbiyada ilin futbolçusu (1999).
Hazırladı: SÜLEYMAN
«Het-trik news» qəzeti
 
Tarix: 21 Fevral [15:20]
Oxunub: 132 dəfə
Müəllif: Aut.az

Futbolpress.az 9 yaşında

Aut.az

Həbib valeh olduğu futbolçunun adını açıqladı

Aut.az

Şahmatçımız beynəlxalq turnirdə qalib oldu

Aut.az

Kadırovdan Nurməhəmmədov-Meyvezer döyüşü barədə bəyanat

Aut.az

Prezident idmana marağından danışdı

Aut.az

"Turkcell” "Topaz”ı satdı

Aut.az

Cavid Hüseynova dopinq cəzası - SİYAHI

Aut.az

Günün oyunları - TV

Aut.az

İlham Əliyev Olimpiya medalçılarını mükafatlandırdı

Aut.az

Günün oyunları - TV

Aut.az