Baş katibin uğursuz adamları

 
Arxivimdə bir fotoşəkil var. AFFA-nın əməkdaşlarının Yeni il münasibətiylə iştirak etdiyi karnavaldan çəkilib. AFFA-nın əməkdaşları deyəndə, heç də hamının orda iştirak etdiyini düşünməyən. Baş katib Elxan Məmmədov öz dostlarını başına toplayıb, futbol qurumunun büdcəsi hesabına "Boulevard Hotel”də əylənirlər.
 
Həmin şəkildə kimlər yoxdu?! Ənənəsinə sadiq qalib, ən yaxın bildikləri ilə çiyin-çiyinə dayanıb. Kamran Quliyevlə aralarından su keçmədiyi o fotodan da görünür. "Neftçi”dəki sınağından uğursuz çıxan Elnur Məmmədov da Quliyevlə yanaşıdı. Bakı Olimpiya Stadionuna direktor göndərilən Cavid Qarayevlə milli komandalardan vurub, məşqçi kurslarından çıxan Zaur Hacı-Məhərrəmov isə sinəsinə baş katibə sipər ediblər.
 
Fotodan və siyahıdan göründüyü kimi, baş katib öz adamlarına sahib çıxmağı, onların əlini çörəyə çatdırmağı yaxşı bacarır. Kamran Quliyev uzun müddət "Sumqayıt”da prezidenti oldu. Özü də Müşahidə Şurası mövcud ola-ola. İndi də baş katib çevik manevr etdi, Kamran bəyi arzusuna çatdırıb, "Neftçi”yə göndərdi. Elnur Məmmədov potensialına və bacarığına görə hansısa ofisdə 5-6-cı dərcəcəli işlərini yerinə yetirəcək adamdır. Amma onu da "Neftçi”də yuxarı başa keçirmişdilər.
 
Baş katibə doğma sayılan Şəkidən olan Zaur Hacı-Məhərrəmovun qardaşı Faiq "Sumqayıt”da inzibatçıdı. Kiçik qardaşı Tərlan da "mətbəx”in içindədi, AFFA-nın televiziyası sayılan "CBC Sport”da. Özünün isə yaxın günlərdə "Gənclik şəhəri”nə, Kamran Quliyevin boşaldtığı kürsüyə əyləşməyə göndərəcəklər. İndiyə qədər isə aşağı yaş qrupları üzrə millilərdə və Lippertin həndəvərində fırlanırdı. Bu ilin yanvarından isə AFFA-nın keçirdiyi məşqçilik kurslarında əsas söz sahiblərindəndi.
 
Cavid Qarayevin də işi pis deyil. Bakı Olimpiya Stadionun direktoru olmaq hər adama nəsib olacaq vəzifə deyil. Özünə əla şərait qurub, geniş komanda formalaşdırıb. Şəxsi sürücüsü, mətbuatla əlaqələndiricisi də var.
  
Maraqlısı odu ki, baş katibin kadrları getdikləri klublardan biabırçılıqla, böyük qalmaqallarla, uğursuzluqla, ciddi maliyyə yeyintiləri ilə ayrılırlar. Nümunələrə baxaq? Orxan Hüseynzadəni Kamil Məmmədovla əlbir olub, "Neftçi”də transfer maxinasiyaları apardığına görə bircə saatın içində istefa ərizəsini yazdırdılar. Elnur Məmmədovun rəhbərlik etdiyi "Neftçi” də həm uğursuz transferlər, həm də ardıcıl yenilgilərlə "Orxan Hüseynzadənin "Neftçi”si”ndən fərqlənmirdi. "Qəbələ”yə 0:8 hesablı yenilgi isə Elnurun futbol adamı kimi dosyesinə qara ləkə kimi yazılıb.
 
Mikayıl Nərimanoğlunu da "Kəpəz”ə Elxan bəy yollamışdı. Onun Gəncədə hansı hoqqalardan çıxdığını, 300 mindən çox pulun dalına keçdiyi, futbol barəsində yox, çapıb-talamaq barədə düşündüyü də bu yaxınlarda faş oldu. Elxan Məmmədov son anda "Mikayıl Nərimanoğlunu mən AFFA-da tanımışam, mənim kadrım deyil” deyib, ondan imtina etsə belə, buna heç kimi inandıra bilmədi.
 
Göründüyü kimi, baş katibin kadrlarının heç birisi getdikləri yerdə yarıtmayıb, futbolumuzu ağ günə çıxarmaq üçün heç bir fəaliyyət göstərməyiblər. Əksinə, ədalətli məhkəmə sistemi, haqqın bərpası üçün təşəbbüs göstərən olsaydı, onların barəsində cinayət işi də açmaq olardı. Qəribəsi odu ki, cənab Məmmədov bütün bunlardan nəticə çıxarmır. Heç onun özündən də hesabat tələb edən yoxdu. Kimin komandasından bu qədər uğursuz, əliəyri kadr çıxsaydı, indi çoxdan onu komandasıyla birlikdə uzaqlara qovmuşdular. Onlar isə hələ də işlərinin başındadılar. Nə vaxta qədər?!
 
Amal Abuşov Sport7.az
 
 
 
Tarix: 19 Fevral [14:45]
Oxunub: 134 dəfə
Müəllif: Aut.az

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim"

Aut.az

SOS: Azərbaycan çempionatında “danışılmış oyun”? - FOTO

Aut.az

Reytinq: “Qarabağ” “Milan”ı və “Valensiya”nı qabaqladı

Aut.az

"Qarabağ" rəsmiləri Portuqaliyada həndbola baxdı

Aut.az

Millimiz yenə böyükhesabla uduzdu

Aut.az

Azərbaycan - Qazaxıstan oyununun hakimləri bilindi

Aut.az

"Qarabağ" qayıtdı - FOTO

Aut.az

"Qarabağ" Portuqaliyada 2 qolla uduzdu

aut.az

Azərbaycan Premyer Liqasında IV turun rəmzi komandası

Aut.az

Tahir Süleymanov həqiqəti dedi: “Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər”

Aut.az