Ramin Musayevin “anekdot”u

Yaxın günlərdə həmkarımız Anar Xanlarov sosial şəbəkədə bir şəkil paylaşmışdı. Şəkilin ümumi mənzərəsi belə idi: 2006-cı ildə Sumqayıtda “gənclik şəhəri”ni təmsil edən “Gənclərbirliyi” Azərbaycan kubokunun 1/8 final qarşılaşması çərçivəsində “Neftci”ni qəbul edir və M.Hüseynzadə adına stadionda iynə atsan yerə düşməz. Bir neçə gün sonra arxivimdə eyni məzmunda bir fotoya rast gəldim və eyni illərdə “Xəzər Lənkəran”ın matçdan iki saat öncə dostum Anar Məmmədlinin adını qoyduğu “Fırtınalar meydanı”na daxil olarkən klub avtobusundan çəkilən fotoda təqribən iki min azarkeşin stadionun qapılarını zəbt etdiyi mənzərəni dostlarla paylaşdım.
 
İndi Afrinə girib çıxa bilməyən türk qardaşlarımızın sözü olmasın - il 2006. Yəni 12 il öncə çox yox, cəmi iki foto real durumu əks etdirir ki, Azərbaycanda futbola marağın səviyyəsini günümüzlə müqayisə edəsən. PFL-in olmadığı Azərbaycan çempionatının gözəlliyinə baxın ki, ölkə kubokunun 1/8 final matçında adam adamın üstündədi. İndi Ramin Musayev Azərbaycan kubokunun finalında kuboku paraşütlə gətizdirir, Röya Ayxanın başından pullar səpdirir, mart ayında çempionatda Kosa ilə Bahar qız yumurta döyüşdürür, amma tribunalarda “it ulayır”.
 
AFFA-nın ən kiçik “marağ”ı qazon qurub yandırmaqda, PFL-in lap balaca “ümid”i Gürcüstan seriyalı avtobusla səfərlər təşkil etməkdədi və tribunaların boşluğu, çempionatın maraqsız olmasının həlli yolunun nəinki arxa planda, heç ümumiyyətlə, planda olduğu görünmür.
 
Ramin Musayev media təmsilçilərinin Antalya toplanışında geniş tərkibli mətbuat konfransı keçirib, çempionatında yüz milyonların dövr etdiyi türk qardaşlarımız demiş, türlü-türlü açıqlamalar verib. İnsafən, Musayev bu məsələdə xeyli inkişaf edib. 2012-ci ildə Antalyada “Spice” oteldə kənardan etdiyim müşahidə fərqli idi. PFL prezdienti media təmsilçilərini otelin foyesində ətrafına yığır, ərk etdiklərini küçəvari zarafatla çağırırdı, bir az lətifə filan danışırdı və günü başa vururdu. Onda hələ hamının ağzı isti yerdə idi, necə də olsa “Xəzər Lənkəran”, “Bakı” kimi klubların çempionata qatdığı maraq, intriqa vardı. “Anekdot” danışmağa nə vardı ki...
 
İndi nə o iki klub, nə də intriqa var, “it ulayan tribunalar” fonunda isə nəsə demək lazımdı. Ramin müəllim əsas diqqəti oyun alqı-satqısına yönəldib. Hətta deyib ki, “izə düşmüşük, adları eşitsəz, dəhşətə gələrsiz”.
 
Vallah, adamı gic gülmək tutur. Ay qardaş, birinci divizionda bütün klublar AFFA və siz PFL-in birbaşa nəzarəti və maddi dəstəyi ilə fəaliyyət göstərir. Hətta burda xadiməni belə, sizin xəbəriniz olmadan işə götürmürlər. Yaxşı, indi necə olur, sizin oyunçu alış-verişi etdikləriniz, klub funksionerləri təyin etdikləriniz oyun satdı, siz bilmədiz?
 
Daha sonra Ramin müəllim Tərlan Əhmədovdan incidiyini dilə gətirib. Dostlar inciməsin, idman mediası hətta bir həftə vaxtını bu ittihama sərf etdi. Maqazin xəbərləri saytları bəzədi. Əhmədovdan incikliyin səbəbi üçün müxtəlif versiyalar söylənildi. Amma əsas məsələ nə hikmətdisə, qaranlığa qərq oldu. Yəni o qaranlıq ki, adama deyərlər, məsələn, Mozambikdə heç olmasa belə futbol funksioneri tapmaq olarmı, desin: “Gördüm “Neftçi” baş məşqçi axtarır, Tərlanı məsləhət bildim. Bəli, onu kluba mən gətirmişəm”. Futbol yarışını keçirən qurumun rəhbəri prezidenti, sahibi olan kluba niyə baş məşqçi gətirsin ki, sonra da incisin?
 
PFL prezidenti yeni yaranan “Xəzər” klubundan da danışıb. Bizi - yəni konkret məni inandırmaq istəyir ki, bu klub yaxşı klubdu, yaxşı işlər görürlər və Premyer Liqaya gəlmək istəyirlər. Yox, mən bura qədər inanır və zatən gedişatı bundan öncəki köşəmdə də yazmışdım. Sadəcə, Musayev növbəti paytaxt klubu və növbəti “it ulayan tribunalar” haqqında danışmayıb.
 
Elxan Məmmədov milli komandanın tərcüməçisini işinə qaytarmaqda, Ramin Musayev “izə düşməkdə”, Tərlan Əhmədovdan inciməsində olsun. İl 2006 və ölkə kubokunun 1/8 final mərhələsi. Tribunalarda azarkeşlər keçidləri belə, tutub. Onda hələ Bəhmən Həsənov Qurban Qurbanovu “yenməmişdi”, Ramil Diniyev hakimlik etmirdi, futbol bölgələrə yayılmışdı. Nə olsun avrokuboklarda uzağı ikinci mərhələdə ağzımızdan vurub geri göndərirdilər, ruslar demiş, “zato” Azərbaycanda futbol
var idi...
 
P.S. Rəsmi rəqəmlərə inansaq, iki aylıq fasilədən sonra baş tutan son turu ümumilikdə 5500 azarkeş izləyib.
 
Hüseyn Cəbrayıloğlu  Komanda.az
Tarix: 15 Fevral [18:40]
Oxunub: 309 dəfə
Müəllif: Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az

Elxan Məmmədov məndən niyə qorxur?

Aut.az

Ey oğlan, biz qalibik!

Aut.az

Vurum sizin qolunuzu...

Aut,az

Məkanın dəyişdirməyəcəyi sevgi

Aut/az

Olmayan rayonun olmayan futbolu - YAZI

Aut.az