Cibdən cibə ötürülən pullar, sapsarı qazon və heç kimə lazım olmayan Gəncə futbolu

Gəncə stadionunun durumu AFFA-dakıların qanını qaraldıb. Əsməcəyə düşən cavabdeh şəxslərin rəngi arenanın qazonu kimi sapsarıdı.
 
Yeni qazonu ictimaiyyətə təqdim edərkən qolboyun gəzən, müxtəlif pozlarda şəkil çəkdirən AFFA-nın baş katibi Elxan Məmmədov kölgəyə şəkilib, onunla əlbir olub min oyundan çıxan “Kəpəz”in Müşahidə Şurasının sabiq sədr müavini Mikayıl Nərimanoğlu isə hələ bunaqədərki fırıldaqlarına görə çoxdan səhnədən silinib.
 
“Futbolinfo”nun müzakirəsinə səbəb olduğu olay artıq mətbuatın gündəmindədi. Hamı Gəncə stadionunun durumunu müzakirə edir, səbəblərini araşdırır.
 
Ot örtüyünə nəzarət edən "AgroSport” şirkətinin baş aqronomu Orxan Yunusov fanat.az-a müsahibəsində qəribə fikirlər səsləndirib:
 
- Bu stadionda heç bir problem yoxdu. Sadəcə, qazonun altında istilik sistemi olmadığına görə saralıb.
 
- İstilik sistemi niyə yoxdu ki?
- Vallah, onu deyə bilmərəm. O məsələlərlə AFFA maraqlanır. Özüm 2011-ci ildən bu işlə məşğulam. Qəbələdənəm. "Qəbələ” klubunda 7 il işləmişəm. "Qalatasaray”da, "Kasımpaşa”da da çalışmışam. Yəni, bu işdə naşı deyiləm. İstilik sistemi qurmaq olardı, amma qurulmayıb. Bunun səbəbini də AFFA bilər. Pul ayrılsaydı, yuxarıdan deyilsəydi ki, bura istilik sistemi qurulmalıdı, qurulardı. Çünki bu əlavə maliyyə tələb edir. Amma bu mənim səlahiyyətimə daxil olan məsələ deyil. Biz qazona nəzarət edirik. Ot örtüyündə də heç bir xəstəlik yoxdu. İstəsəz, gəlib baxa da bilərsiz. Otun saralması da təbii haldı. Hazırda Gəncədə buludlu, soyuq hava var. Yatmış insana yemək vermək mümkün olmadığı kimi, otun da gübrə və su üçün oynaması şərtdi. Düzdü, profilaktik tədbirlər görmüşük, dərmanlar verilib. Amma saralması bizlik deyil. 15-20 günə o da düzələcək.
 
- Stadiona qulluq üçün maliyyəni kim ayırır?
- Vallah, onu bilmirəm. Mən "AgroSport” şirkətinin əməkdaşıyam. Bura iyulda gəlmişəm. Bizdən əvvəl SİS şirkəti baxırdı. Ötən ilin oktyabrında "AgroSport”a tam şəkildə təhvil verilib. Biz gələndə ot örtüyü hazır idi, bizə belə təhvil verilib. Biz təhvil alanda istilik sistemi yox idi. Niyə qurulmadığının səbəbini də bilmirəm.
 
- SİS şirkəti niyə istilik sistemi quraşdırmayıb?
- Onu bilmirəm. Bakı Olimpiya Stadionunu, "Qəbələ”nin meydançalarını, "Bakcell Arena”nı da SİS düzəldib. Yəqin, maliyyə ayrılsaydı, o da olardı. Buna cavab verməyə çətinlik çəkirəm. Çünki o vaxt burda olmamışam.
 
- "Qəbələ”də istilik sistemi var?
- Var. Əsas meydançada quraşdırılıb. Qazon da normaldı. Amma "Bakcell Arena”da da yoxdu. İstilik sistemi olmayan, kənarları açıq bütün ot örtüklü stadionlarda qış mövsümündə vəziyyət eyni cürdü.
 
- Yaxşı, "Bakcell Arena”da niyə elə deyil?
- Gəncədəki ot örtüyüylə ordakı fərqlidi. Otun növləri var axı... Bakıyla Gəncənin iqlimi də fərqlidi. Dağətəyi şəhərdi. Murovdan gələn soyuq problem yaradır. Həm də "Bakcell Arena”nın yanları bağlıdı, qapalı yerdi. Bizdə noyabra qədər heç bir problem olmayıb. İndiki vəziyyət də soyuqlarla bağlıdı.
 
AFFA-nın İnfrastruktur direktoru Kamran Əliyev də “Futbolpress”ə açıqlamasında problemi malalamağa çalışıb:
 
- Orda ciddi bir şey yoxdur. Sadəcə, ot örtüyündə saralma baş verib. Bu da hava şəraiti ilə, iqlimlə bağlıdır. Qış fəslində belə problemin baş verməsi normaldır.
 
- Ciddi bir şey yoxdursa, niyə “Kəpəz” növbəti oyunun stadionunun dəyişdirilməsini istəyirdi?
- Bu yəqin ki, ehtiyat xarakterli addımdır. Çünki oyun keçirilsə, problem yarana bilərdi. Klub rəhbərliyi də bunu nəzərə alıb, matçın yerinin dəyişdirilməsini istəyib. Ancaq hazırda meydança oynamaq üçün yararlıdır. Sadəcə, soyuq havada oyun keçirilməsi qazona pis təsir edə bilərdi. Əgər matçın yerinin dəyişdirilməsi istənibsə, bu dediyim səbəblə bağlıdır.
 
- Qazonu yeniləyən şirkət gələcəkdə belə bir problemin baş verəcəyi barədə xəbərdarlıq etmişdimi?
- Bu, elə bir şeydir ki, əvvəldən ehtimal etmək olmur. Çünki havanın necə keçəcəyini, ota hansı təsirin olacağını proqnozlaşdırmaq çətindir. Ona görə də xeyr, əvvəldən belə bir şey gözlənilmirdi.
 
- İqlimi Gəncədən heç də isti olmayan Qəbələ stadionunun ot örtüyü ideal vəziyyətdədi. Gəncədəki arenada yeniləmə işlərini aparan SİS şirkətinin nəzarət etdiyi 8-ci km stadionunda da qazon yaxşı vəziyyətdə deyil. Bu da birmənalı qarşılanmır. Bəlkə, iş keyfiyyətsiz görülür?
- Yanlış məlumatdır. Nə Gəncədəki stadiona, nə də “Bakcell Arena”ya SİS şirkəti nəzarət edir.
 
STOP! 2 fərqli adamın fikirləri haçalanır. Bəli, təmir edən başqa, nəzarət edən bir başqa şirkətdi. Amma problem eynidi – ya təmir edən xətalıdı, ya nəzarət edən. Başqa bir təzad – 8-ci kilometr stadionuyla Gəncə stadionunun hər ikisində isitmə sistemi yoxdu, amma durumları fərqlidi. Toxumlar fərqli ola bilər, amma bu fərqi məhz iqlimə görə müəyyən edirlər. Gəncədə səpilən toxum yerli iqlimə uyğun olmalı idi, deyilsə, deməli, işlər düzgün aparılmayıb.
 
Günahkar həmişəki adamlardı, AFFA isə onlara illərdi qucaq açır, qazonun saxlanması üçün aylıq 20 min manat ödəyir. Sarı qazon üçün bu qədər xərcə dəyərmi?
 
Bakıyla Gəncənin iqlim fərqini başa düşdük. Bəs, Gəncənin iqlimi Qəbələdən oqədərmi sərtdi ki, 2 şəhərin stadionları arasında belə fərq var?
 
Azerisport.kom da “AgroSport”un aparıcı mütəxəssislərindən Rüstəm Məmmədov və Orxan Yunusovu danışdırıb. Və bu şəxslər də bəraətverici açıqlamalarla yadda qalıblar.
 
Hələ sərt qış görməmişik, amma Gəncədə qazon saralıb, yayda da istilərdən şikayətlənəcəyik. “AgroSport”a aylıq 20 min manat ona görə ödənilir ki, məhz bu şərtləri nəzərə alaraq, mövsüm boyu qazonu yaşıl saxlasın. Hər şey iqlimlə bağlıdısa, heç bu şirkət olmadan da 1 aya çayır yetişəcək və hər yer yamyaşıl olacaq. O zaman klubların, AFFA-nın büdcəsi nəyə görə havaya sovrulur? “Qarabağ”ın, “Qəbələ”nin meydanları və “AgroSport”un əli yetməyən digər arenaların qazonları yamyaşıl ikən qış havası “ayrıseçkilikmi” edir?
 
Bəylər, yalan danışmayın. Siz sadəcə, işi bacarmırsız və yalnız pul qamarlamaqla məşğulsuz. Qazonu təhvil alarkən isitmə sisteminin olmadığını bilməli və qulluğu buna uyğun aparmalıydız. Amma bu məsələni qabartsaydız, AFFA-dan Gəncə stadionunun qazonunun dəyişdirilməsi üçün ayrılan 650 min manatın hara xərclənməsi sualı ortaya çıxacaqdı.
 
Axı, indiyədək bircə keyfiyyətli işi görünməyən, saldığı bütün qazonlarda problem çıxan, "Dalğa Arena", "8-ci km stadionu" kimi arenalarda da işi mükəmməl olmayan SİS-ə bu sevgi hardandı? AFFA-nın balansındakı bütün arenaların qazonlarına “AgroSport”un qulluq etməsində hansı məntiq var? Bu işlər baş katib Elxan Məmmədovun dostlarına tapşırılmamalıdı, tenderlə ən layiqli olana, ən yaxşı iş görənlərə etibar edilməlidi. “1 təklif – 1 qalib” monopoliyanın təzahürüdü.
 
“Kəpəz”in çox yaxşı büdcəsi var və normal komanda qurmaq olar. Sentyabrda həmin pulun böyük hissəsini qazonun dəyişdirilməsinə, indi isə saxlanılmasına sərf edirlər. Nəticə yoxdu, qazon sapsarıdı, “Kəpəz” isə turnir cədvəlinin sonuncu pilləsində. Gəncə futbolu kimsənin vecinə deyil, klub AFFA-dakı işbazların pul qatlaması üçün vasitədi. Klubun son legioner transferəri də Gəncə şəhər rəhbərliyinin yardımı ilə edilib, AFFA-nın ayırdığı büdcə isə sağ cibdən sol cibə ötürülür.
Tarix: 14 Fevral [12:15]
Oxunub: 114 dəfə
Müəllif: Aut.az

“Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

"Qarabağ" "Şerif"ə qarşı bu heyətlə oynayacaq

Aut.az

"Qarabağ" "Səbail"i məğlub etdi, "Zirə" "Keşlə" ilə "sülh" bağladı

Aut.az

"Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov

Aut.az

"Səbail" - "Qarabağ" START HEYƏTLƏR

Aut.az

“Şerif” - “Qarabağ” oyunu avstriyalılara tapşırıldı

Aut.az

Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

Aut.az

"Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - BU GÜN

Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az