Hüseyn Cəbrayıloğlu: “Xəzər Lənkəran” fəaliyyətini təkcə futbola görə dayandırmamışdı, başqa amillər də rol oynadı”

Bir vaxtlar Azərbaycan futbolunun lokomotivi rolunu oynamış, insanlara futbolu sevdirmiş, coşqusunu artırmış “Xəzər Lənkəran” hazırda “kölgədədi”. İki ildir yalnız aşağı yaş qrupları üzrə komandalarını meydanda gördüyümüz klub haqqında zaman-zaman müxtəlif xəbərlər yayılır. Bu günlərdə maliyyə problemi üzündən klub avtobusunun satılması belə yazıldı. “Xəzər Lənkəran”dakı son durum və ümumi gedişatı öyrənmək üçün klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Maraqlı müsahibə alındı, bir çox məqamlara toxunduq.
 
- İlk olaraq elə son xəbəri soruşaq: klub avtobusu həqiqətən də satılıbmı?
- Yox, təbii ki. Avtobusumuzun sürücüsü Sumqayıtda yaşayır. Aşağı yaş qruplarımızın oyunlarında və məşqlərində fasilə yarandığından, avtobusa ehtiyac yox idi. Bu müddətdə də həmin sürücü maşına texniki xidmət göstərirdi. Yanvarın 25-də U-17 komandamızın oyunu va və avtobusumuz sərəncamımızda olacaq. Satılma xəbəri yalandır. Avtobus bizim avtobusumuzdu.
 
- “Xəzər Lənkəran” Futbol Klubu bir klub olaraq hazırda fəaliyyətini necə davam etdirir?
- “Xəzər Lənkəran” MMC olaraq hələ də fəaliyyətini davam etdirir, vergi verir, sosial müdafiə fonduna pul köçürür. Əvvəlki illərlə fərq odu ki, əsas komanda yoxdu. O da olmayanda əvəzedici heyət, U-19-a gərək qalmır. Hazırda Akademiyamızın nəzdində 4 komanda var: 17 yaşlılara qədər. Elə indi də sizinlə stadiondan danışıram, U-17 komandamız məşqlərini təzəcə bitirib. Qış fasiləsi bitdi və məşqlər bərpa olunub, gündəlik davam etdirilir.
 
- Stadion demişkən, bu qurğunun vəziyyəti necədir?
- Cəmi 10 gün əvvəl əsas meydança alaqdan təmizlənib. Qazona qulluğa fasilə vermirik, daima yaxşı vəziyyətdə olmasına çalışırıq. Düzdü, çox adam deyir ki, “niyə bu qədər əziyyət çəkirsiz, onsuz da əsas komanda yoxdu”. Ancaq biz ruhdan düşmürük, dayanmırıq. Ehtiyat meydança çox yükləndiyindən onun durumu o qədər də yaxşı deyil. Ancaq əsas meydança yaxşı vəziyyətdədi. Hətta deyərdim ki, son 2 ilin ən yaxşı vəziyyətidi. Bu yaxınlarda Lənkəranda sel olmuşdu. O vaxt çox ciddi ziyana məruz qaldıq. Təsəvvür edin ki, mühafiəçilərin qeydlərinə əsasən həmin vaxt stadion ərazisindən 197 “Kamaz” maşını qədər palçıq daşınıb. Çox ağır durum idi. Ancaq biz yenə də arenanı əvvəlki vəziyyətinə qaytardıq. Kimsə gəlib baxsa, deyə bilməz ki, burdan bu yaxınlarda bu qədər palçıq daşınıb.
 
- Klub rəhbərliyi, istər faktiki prezident Mais Mənsimov, istərsə də fəxri prezident Mübariz Mənsimov gedişatla nə dərəcədə sıx maraqlanır? Klubu yenidən qaytarmaq haqda fikirləri nədir?
- Mais Mənsimov ötən il ərzində azı 6-7 dəfə stadiona baş çəkib, ərazini gəzib, qazona, inzibati otaqlara  baxıb, həyətdəki otellə tanış olub. Hətta bir-iki dəfə axşam olanda bazada da qalıb. Yəni nəzarət əldən verilmir.
 
- Bəs Mübariz Mənsimov nə düşünür? Ona mütəmadi məlumat verilirmi?
- Təbii ki. Aydındı ki, Mübariz müəllimin klubun yoxluğundan xəbəri var. Nə də olsa, qardaşı prezidenti və aralarında bu barədə danışırdılar. Qərarı o verir. Məsələnin əsas tərəfi odu ki, Mübariz Mənsimov əsas komandanı bərpa etmək fikrinə düşsə, uzağı yarım saat ərzində klub olaraq fəaliyyəti tam bərpa edə bilərik. Yəni inzibati baxımdan ən yüksək səviyyədə hazırıq. Sadəcə bir tapşırıq gəlsin, günü sabah işə başlayaq. Mən həm buranın əməkdaşı, həm də sıravi lənkəranlı, futbol azarkeşi olaraq dua edirəm ki, bir gün o qərar verilsin və komanda qayıtsın.
 
- Hər birimizin istəyi budur. Məsələnin bir tərəfi də var ki, onu soruşmasaq olmaz. Çox sayda xəbərlərə inansaq, Mübariz Mənsimovun komandanı çempionatdan çıxarmasına səbəb təkcə futbol deyil. Mətbuat bu hadisənin arxasında siyasi məsələlərin durduğunu da yazır. Buna münasibətiniz necədir, yazılanların əsası varmı?
- Həmişə açıq danışmağı xoşlamışam və heç nəyi də gizlətməmişəm. Ona görə də deyə bilərəm: aydın məsələdir ki, burada başqa şeylər də var, digər amillər də rol oynayıb. Yazılır ki, ortada biznes məsələsi də var, klub da ona görə yarışdan çəkilib. Yaxşı, deyək ki, belə bir məsələ var. Bəs AFFA rəhbərliyi “Xəzər Lənkəran” olmadığı müddətdə nə işlə məşğul olub? Qurumun məqsədi regionda futbolu inkişaf etdirmək idisə, həmin vaxt deyərdi ki, probleminiz var, maddi durumunuz yaxşı deyil, gəlin 5 manat siz qoyun, 3 də biz verək, komanda yaşasın. Amma bunu heç indi də etmirlər. Bu, onu göstərir ki, ortada birbaşa qərəz var. Burada stadion, baza, bir sözlə hər cür infrastruktur, resurs var. Sadəcə, istək lazımdı. Yaxşı “bu tərəf” istəmir, bəs “o tərəf”ə nə olub? “O tərəf”in istəyini görmüsüz? Özüm də cavab verim: “yox”. “O tərəf ümumiyyətlə istəmir. Nəticədə ziyan çəkən bölgədir, cənub futbolsuz qalır. Məni yandıran şey bir xatirəmdi. Hər gün Astaradan Biləsüvara qədər klubumuzun maşınlar gedirdi, uşaqları yığıb məşqə gətirir, sonra da aparıb evinə qoyurdu. 6 rayonun perspektivli uşaqları burda məşq edirdi. Bu işin ntəcisə də olurdu. Bir fakt deyim: “Qarabağ”ın bu il Çempionlar Liqasında iştirak etmiş U-19 komandasında 6 nəfər “Xəzər Lənkəran” yetirməsi var. Belə asan idisə, elə “Qarabağ” özü yetişdirərdi də. Deməli, bu regionun potensialı var. Necə ki, Tovuzdan, Gəncədən futbolçu çıxırsa, cənubdan da çıxır. Sadəcə, diqqət yetirilməlidi. Futbolun inkişafı da burdan başlayır. Yenə deyirəm, tutaq ki, biz klub olaraq istəmədik, AFFA istəsin, heç olmasa. Qoy, qurum çıxıb açıqlasın ki, bu regiona çox yox, cəmi 5 top verib. Araşdırılsa, son 2 ildə bu 7 rayona bir dənə də olsun top gəlmədiyi üzə çıxar. Bunlar necə futbolun inkişafını düşünürlər? Ölkə bir Bakıdan ibarət deyil axı. Mən regionu gəzirəm, izləyirəm: uşaqlar futbol oynamağa top tapmırlar! Mənsimov 10 ildən çox baxdı. Yaxşı bəs siz nə etdiz, hazırda nə edirsiz, AFFA nə iş görür? Bizim vaxtımızda isə regionun bütün rayonlarının uşaqları həm gəlib burda məşq edirdilər, həm də hər rayonda müəllimlər təyin etmişdik, onlara forma, fişka, müxtəlif ləvazimatlar göndərirdik ki, futbolun inkişafı dayanmasın, kim ki bura gələ bilmir, orda, yerində məşq eləsin. Regionun futboluna “Xəzər Lənkəran” baxırdı. AFFA-nın yaxından-uzaqdan əlaqəsi yox idi.
 
- “Xəzər Lənkəran”ın dönüşü regionu sönük vəziyyətdən çıxara bilərdi...
- Heç nə yox, ən adisindən, ölkə futbolu “Böyük oyun”suz qalıb. Bugünlərdə tanınmış bir futbolçu “Real” – “Barselona” qarşılaşması barədə fikirlərini bölüşürdü. Bizdə də durum fərqli deyildi. “Neftçi” 300 minlik futbolçu alırdı, “Xəzər Lənkəran” gedib 400 minlik oyunçu gətirirdi. Bunun əvəzində “Neftçi gedib 500 minlik futbolçu gətirirdi. Rəqabət böyüyürdü, nəticədə də Azərbaycan futbolu inkişaf edirdi. Bu gün baxırıq, “Qarabağ” – “Neftçi” oyunu var, məsələn. Oyuna “Azərbaycan derbisi” deyilir. Baxırsan ki, stadionda azarkeşdən çox polis var. Bu gün “Qarabağ” nəticə qazanırsa, bu, Azərbaycan futbolunun inkişafı demək deyil. Bu, “Azərsun” şirkətinin uğurudu. Sabah “Azərsun” olmayacaq, “Qarabağ” dağılacaq, qalacaq çöllərdə. Necə ki, “Palmali” yoxdu, “Xəzər Lənkəran” yoxdu, sabah da digərləri eyni aqibəti yaşayacaq. Ölkə futbolumuz dayanaqlı təmələ malik deyil. Şirkətlərdən asılı futbol olmaz.
 
Kənan Məstəliyev, “Rekord.az”
Tarix: 13 Yanvar [19:20]
Oxunub: 241 dəfə
Müəllif: Aut.az

“Qarabağ” italiyalı qapıçı gətirir

Aut.az

“Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

Aut.az

"Qarabağ" əzəmətli komandadı" - "Olimpiya"nın kapitanı

Aut.az

Kamran Quliyev: "Tərlan Əhmədovla yola birgə davam edə bilməzdik"

Aut.az

Ölkədən qaçdığı deyilən "Xəzər"in prezidenti saxlanıldı

Aut.az

Mahmud Qurbanov: "Futbolçu karyeramı başa vuranda çox çətin günlər yaşadım"

Aut.az

"Neftçi" legionerlərini bazaya buraxmadı

Aut.az

"Neftçi"nin yeni transferi Avroliqanın püşkünü dəyərləndirdi

Aut.az

"Neftçi"nin rəqibindən Azərbaycana qarşı təxribat - FOTO

Aut.az

"Neftçi" mərhələ adlasa "Sevilya" ilə qarşılaşacaq

Aut.az