“Neftçi”də oynamaqdansa...

Uqo Barqas “Neftçi”də oynamasaydı, biz Boliviya çempionatında mübarizə aparan “Bluminq” klubunun varlığından xəbərsiz olacaqdıq. “Bluminq”in adını Barqas “Neftçi”yə gələndə eşitdik. Günah bizdə deyil. “Bluminq” heç Boliviyanın özündə o qədər də məşhur, iddialı klub sayılmır. Hazırda da bu komanda turnir cədvəlinin ortalarında var-gəl edir. “Bluminq”in adı yenə idman mətbuatının gündəminə düşüb. Bu dəfə də səbəbkar Barqasdı. Ötən ilin yanvarında “Neftçi” ilə anlaşma imzalayan boliviyalı futbolçu yenidən ölkəsinə, “Bluminq”ə qayıtmaq arzusundadı. Çox ciddi məqam, həyəcan siqnalıdı. “Niyə”sini deyəcəyəm.

Məsələ ondadı ki, Barqas ötən qış “Neftçi”yə gələn əcnəbilər arasında seçilənlərdən, komandaya fayda verənlərdən idi. Tərlan Əhmədovun gəlişindən sonra “ağ-qaralar”ın qazandığı uğurların çoxunda Barqasın da payı var. Çətin məqamlarda vacib qollar vurmağı bacarıb. Hazırkı vəziyyətdə “Neftçi”nin avrokuboklara yollanmaq şansı elə də pis görünmür. Deməli, Barqasa da ehtiyac böyükdü. Qollar vurmalı, “Neftçi”nin Avropa səhnəsinə çıxmasına yardım etməlidi. Həm də yeni müstəvidə özünü göstərməlidi. Amma buna can atmır, “Neftçi”dən getmək istəyir. Özü də daha iddialı kluba yox, “Bluminq”ə. Olmaya, “Neftçi”də həmin perspektivi görmür, ya da özünü xoşbəxt hiss etmir?

Çox qəribədi. Tərlan Əhmədov Seqoviya ilə Mujiki komandasında görmək istəmir. Amma onlar da “Neftçi”dən getmək üçün tələsmirlər. Rahat pul qazanacaqları yeri tapıblar. Əvəzində faydalılar, oynamağı bacaranlar “Neftçi”dən qaçmağa çalışırlar. Kirill Petrovun da adı “Girəsunspor”la hallanır. Qara dəniz bölgəsini təmsil edən Girəsun klubu Türkiyə Super Liqasında oynamır, aşağı divizionun 4-cüsüdür. Bununla belə, Petrov Türkiyəyə yollanmağın əleyhinə deyil. Futbolçunun bu variantla bağlı dediklərinə diqqət edək: “Girəsunspor”un mənə maraq göstərməsi xoşdu. Baxmayaraq ki, klub ikinci liqada çıxış edir, amma qarşısında böyük hədəflər dayanır”. 

Təxmin etmək çətin deyil ki, ukraynalı futbolçunun da Türkiyəyə meyl etməsinin səbəbi məhz budu. Klubun qarşısında konkret hədəflərin olması. Biz “Neftçi”nin də qarşısında böyük hədəflərin dayandığını düşünürük. Amma bizə kənardan belə görünür, deməli, daxildə belə deyil. Futbolçular nagümandılar, gələcəklərindən əmin deyillər. Ona görə də ilk fürsətdəcə “Neftçi”dən qurtulmağa çalışırlar.

Giorgi Navalovskini xatırlayırsızmı? O da “Neftçi”yə ötən qış böyük ümidlərlə gəlmişdi. Səviyyəsiylə az-çox fərqlənirdi. Hətta kapitan sarğısına da layiq görülmüşdü. Yayda “Neftçi”ylə birlikdə xaricə təlim-məşq toplanışına da yollandı, hazırlıq keçdi. Amma mövsüm başlamamış müqaviləsinə xitam verilməsini istədi. Yollandığı klub isə Rusiya Premyer Liqasının debütantı “SKA Xabarovsk” idi. Navalovskinin çıxış etdiyi komandanın 20 oyundan sonra aktivində 12 xalı var. Fövqəladə nəsə baş verməsə, xabarovsklular mövsümün sonunda elitanı tərk edəcək. Belə olacağını gürcü futbolçunun özü də bilirdi. Amma “Neftçi”dən ayrılmağı üstün saymış, ilk fürsətdəcə getmişdi.

Navalovski, Petrov və Barqas arasında paralellər aparanda ortaya acınacaqlı görüntü çıxır. Ayağı top tutan əcnəbilər “Neftçi”dəki perspektivi yox, ayrılmağı düşünürlər. Burda oynamaqdansa, aşağı liqa təmsilçilərinə, iddiasız klublara belə “hə” deyirlər. Deməli, həqiqət onlara daha yaxşı məlumdu.
 
Tarix: 4 Yanvar [17:00]
Oxunub: 364 dəfə
Müəllif: Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az

Elxan Məmmədov məndən niyə qorxur?

Aut.az