AFFA-nın inkişaf planı: 3 aya 43 texniki məğlubiyyət!

Milli komandalarda ciddi futbolçu çatışmazlığı var, yerli oyunçu qıtlığı yaşanır. Yeni futbolçu nəsli yetişmir və bu səbəbdən klublar 21 yaş limitinə görə heyəti qurarkən əziyyət çəkir, yığmalarda isə ümumiyyətlə, rəqabət yoxdur.
 
Əslində, belə olmamalıydı. 10 illik dövlət proqramının icrası düzgün aparılsaydı, indi ölkə xaricində onlarla həmvətənimiz oynamalı, klublar isə futbolçu axtarışına çıxmamalı idi. O qədər istedad yetişməliydi ki, 14-16 komandalı Premyer Liqada əcnəbilərə ehtiyac duymamalıydıq. Halbuki indi 8 komanda normal sayda futbolçu sifariş edə bilmir.
 
2005-ci ildə - dövlət proqramı qəbil edilərkən top qovmağa başlayan uşaqlar indi 19-20 yaşlarında olmalıydı və indi ciddi rəqabət yaratmalıydılar. Lakin 10 il ərzində 2 milyard manatdan çox vəsait havaya sovruldu, lazımsız əcnəbilərə xərcləndi, ciblərə ötürüldü. Bu pulları dağıdanlar isə nəinki mühakimə olunmur, hətta ən yüksək səviyyədə mükafatlandırılır.
 
Belə dövlət qayğısının qarşılığında superklublarımız yaranmalı, millimiz inadla dünya və qitə çempionatlarının final mərhələsinə vəsiqə üçün döyüşməliydi, xaricdə oynayanlarımızın sayı kifayət qədər olmalıydı. Amma və lakin...
 
Bizim futbol başbilənləri işə bünövrədən yox, damdan, fasaddan başladı. Uşaq futbolu unuduldu, bahalı əcnəbilər gətirildi, yalançı şou, səs-küy, görüntü yaradıldı. Ölkədə futbolçu yetişdirmək əvəzinə Berti Foqts kimi vecsizlərə milyonlar bağışlandı, material hazırlanmadan ev tikmək tapşırıldı. Futbol funksionerləri gələcək nəslin hazırlanmasına barmaqarası yanaşdı, uşaqların təlim-tərbiyəsini yaddan çıxartdı.
 
Və nəticə - bu gün hamı yerli futbolçu axtarır, “Neftçi” kimi komanda veteranların ümidinə qalıb, “Qarabağ”, “Qəbələ” əcnəbi sorağındadı, “Xəzər Lənkəran” və “Bakı” bolluq dövrü bitən kimi aradan çıxıblar, “İnter” milyonçudan dilənçiyə çevrilib. Klublar uşaq futboluna diqqət ayırmaq əvəzinə Rednik, Şefer, Bandoviç, Konkov kimi yalnız cibini düşən bahalı məşqçilərə milyonlar xərclədi, AFFA isə futbol təsərrüfatındakı nöqsanlara göz yumdu, uşaq futbolunu təsadüfi adamlara tapşırdı.
 
Düzgün strategiyanın olmamasının nəticəsidir ki, indi hamı gözünü döyür, nicat umur, təsadüfi adamların yetişdirdiyi futbolçu nəsli isə böyük uğurlar qazanacaq səviyyədə deyil. İndi komandaların möhtac qaldığı oyunçulara hətta futbolun əlifbası da öyrədilməyib.
 
AFFA hər yaş qrupunda liqa yaratmaqla kütləviliyə nail olmaq istədi. Amma bu, süni şəkildə say artırmaqdan başqa bir şey deyildi. Məşqçi kadrlarının bacarığı yetərsizdi, üstəlik, infrastruktur da kifayət etmir. Uşaq futbolu departamentinin marketoloqa, futbolun “f”sından xəbəri olmayan Yusif Vəliyevə tapşırılması isə faciədi. Bu sahəyə biznes layihəsi kimi baxan Vəliyev AFFA-nın milyonlarını havaya sovurmaqla məşğuldu, təşkil etdiyi liqalarda xaos yaşanır.
 
Ötən mövsümlərdə də faciəvi durum var idi, lakin 3 aydı başlayan yeni mövsümün statistikası da göz deşir. Yarışlar o qədər səviyyəsiz təşkil olunub ki, həvəskar turnirlərindən fərqlənmir.
 
Təsəvvür edin, 3 ayda 43 texniki məğluboyyət qeydə alınıb. Bu məğlubiyyətlərdən 15-nin yetərsayın olmamasına görə reallaşması göstərir ki, hər şey iştirakçıların say çoxluğuna hesablanıb, komandaların real durumu nəzərə alınmayıb. Hər şey diqqətlə yoxlansaydı, komandaların heyətində yetərincə futbolçunun olmaması vaxtında aşkarlanardı.
 
21 oyun hansısa komandanın matça gəlməməsinə görə baş tutmayıb. Belə oyunlar daha çoxdu, onlardan yalnız 21-i texniki məğlubiyyətlə yekunlaşıb. Bunun da səbəbi təşkilatçılığın zəifliyi ilə bağlıdı. Yarışlar bərbad reqlamentlə təşkil olunub. Statistikaya diqqət yetirsəz, görərsiz ki, əsas problem daha aşağı yaş qrupları ilə bağlıdı. Valideynlər körpələrini uzaq səfərlərə buraxmır və ya eyni problemi ümumtəhsil məktəbləri yaradır. Deməli, burada da işlər düzgün qurulmayıb.
 
Uşaqlar oyunlara matç günləri gedir, mikroavtobuslarla uzun yolçuluqdan sonra birbaşa matça çıxır, ardınca da evə qayıdırlar. Belə yorğunluq, üzücü səfərlər hamını bezdirir. Halbuki uşaq yarışlarını bölgələr üzrə təşkil etmək, onların təhsildən yayınmamasını təmin etmək vacibdi. Bütün uşaqlar futbolçu olası deyil, onları təhsildən yayındırmaqla gələcəkləri də məhv edilir.
 
U-10 Liqası texniki məğlubiyyət sayına görə liderdi. Ümumiyyətlə, liqalarda yaş artdıqca belə yenilgilərin sayı azalır. Bu isə daha çox komanda sayının da azalması ilə bağlıdı. Daha yuxarı liqalarda iştirakçı sayı azalır, bu da nəticələrdə əksini tapır.
 
Ən biabırçı durum qadın futbolundadı. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-da bu sahədə kurator olduğuna görə ölkəmizdə də qadın futbolunun inkişafına çalışır. Halbuki mentaliteti nəzərə alsaq, Azərbaycanda qadın futbolunun inkişafı mümkünsüzdü. Bu sahəyə diqqət ayırmaq da tələb deyil, UEFA-nın tövsiyəsidi. Baş katib isə klubları buna məcbur edir, səhrada gülüstan yaratmağa cəhd göstərir. Kişi futbolunda vəziyyətimiz bərbad olduğu halda Məmmədov qızlardan qəhrəmanlıq gözləyir.
 
Nəticədə 4 liqada 17 texniki məğlubiyyət faktı var və bunların əksəriyyəti yetərsayın olmamasına görədi. Qızlar futbola axışmır, kifayət qədər oyunçu yoxdu, AFFA isə yarış keçirməkdə dirənib. Heç o liqalardan parlayanlar da yoxdu, olsaydı, yığma komandalarımız milliləşənlərlə doldurulmzadı.
 
Xaotik, qarışıq mənzərədi. Sistemsizliyin nəticəsidir ki, texniki məğlubiyyətlər sıralanır, komandalar dağılır, istedadlar yetişmir. AFFA keyfiyyəti kəmiyyətə qurban verib və ən əsası, bu sahəyə mütəxəssislər buraxılmır, dostluq, tanışlıq, qohumluq prinsipləri əsas götürülür, təsadüfi adamlar övladlarımızı başında dəlləklik öyrənir.(futbolinfo.az)
 
Cəmi
Texniki məğlubiyyət – 43
Yetərsay olmamasına görə - 15
İştirak etməməyə görə - 21
Lisenziyası olmayana görə - 6
Yaş limitinin pozulmasına görə - 1
Kənarlaşdırma - 2
 
U-10 Liqası
Texniki məğlubiyyət – 9
Yetərsay olmamasına görə - 5
İştirak etməməyə görə - 3
Lisenziyası olmayana görə - 1
 
U-11 Liqası
Texniki məğlubiyyət – 5
İştirak etməməyə görə - 4
Lisenziyası olmayana görə - 1
Kənarlaşdırma - 1
 
U-12 Liqası
Texniki məğlubiyyət – 3
İştirak etməməyə görə - 1
Lisenziyası olmayana görə - 2
 
U-13 Liqası
Texniki məğlubiyyət – 5
Yetərsay olmamasına görə - 1
İştirak etməməyə görə - 3
Lisenziyası olmayana görə - 1
 
U-14 Liqası
Texniki məğlubiyyət – 2
İştirak etməməyə görə - 2
 
U-15 Liqası
Texniki məğlubiyyət – 2
İştirak etməməyə görə - 1
Lisenziyası olmayana görə - 1
 
U-11 Liqası (qızlar)
Texniki məğlubiyyət – 1
Yetərsay olmamasına görə - 1
 
U-13 Liqası (qızlar)
Texniki məğlubiyyət – 10
Yetərsay olmamasına görə - 7
İştirak etməməyə görə - 2
Yaş limitinin pozulmasına görə - 1
Kənarlaşdırma - 1
 
U-16 Liqası (qızlar)
Texniki məğlubiyyət – 3
Yetərsay olmamasına görə - 1
İştirak etməməyə görə - 2
 
Yüksək Liqa (qızlar)
Texniki məğlubiyyət – 3
İştirak etməməyə görə - 3
Tarix: 18 Dekabr [20:20]
Oxunub: 256 dəfə
Müəllif: Aut.az

Emin ata oldu

Aut.az

Mən gələcəyimi “Qarabağ”da görürəm - Ansi Aqolli

Aut.az

FİFA “Bayıl Arena”nı “tanıdı”

Aut.az

Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

Aut.az

"Qarabağ" Azərbaycanın reytinq xalını zənginləşdirdi

Aut.az

“Sumqayıt” Qətər klubuna qarşı - BU GÜN

Aut.az

“Sumqayıt” “Tufan”ı darmadağın etdi

Aut.az

“Qarabağ” - “Kukesi”: Oyunların vaxtı açıqlandı

Aut.az

AFFA kluba “görüm-baxım” edəcək - Bəyanat

Aut.az

Xorvat futbolçu Elşad Əhmədovu II divizion səviyyəsində məşqçi adlandırdı - MÜSAHİBƏ

Aut.az