"Mən də AFFA-ya düşmən oldum, qara siyahıya düşdüm" - Əliyev:

Azərbaycan futbolunda Zöhrab Əliyev vardı. 
 
Bir neçə il öncə futbolumuzda müxtəlif sahələrdə, marketinq, klub meneceri, hətta hakim kimi çalışan Zöhrab bəy sonuncu dəfə "Simurq"da fəaliyyət göstərmişdi. Sonradan futboldan ayrı düşən bu şəxs hazırda şəxsi biznesi ilə məşğuldu. 
 
Bu üzdən onunla futbolumuz ətrafında söhbət etməyin maraqlı olacağını düşündük və əlaqə saxladıq. Ürəyi dolu olan Əliyev Sport7.az-a müsahibəsində bir çox məqamlara toxundu. 
 
 
"Ramin Musayevə və başqa şirkətlərə demişdilər ki, onu işə götürməyin"
 
 
- Zöhrab bəy, futbol səhnəsindən uzaqlaşan klublarımız kimi, siz də qəfildən kənara çəkildiz. Marketinq, hakimlik, klub meneceri... Sanki futbolun bütün sahələrini "dişinizə" vururduz?
 
- Əslində, futbol sahəsindən qəfil çəkilməmişəm. Sadəcə, bunun vaxtı idi. Hakimlikdən məni uzaqlaşdırdılar. PFL-dən ayrılandan sonra hakimlik etməyə nə həvəs qalmışdı, nə də rəsmi icazə vardı. Halbuki hakimliyi uşaqlıqdan çox sevirdim. 14 yaşından başlamışdım. Hazırda isə 30 yaşım var. 27 yaşıma qədər hakimlik etdim. Futbol da oynamışam uşaqlıqda. Bəlkə də hər şeyi üzə deməsəydim, sakit dayansaydım, çox məqamlara göz yumsaydım indi AFFA-da da işləyib, hakimliyimi davam etdirəcəkdim.
 
- Belə çıxır PFL və ya AFFA-da işləmək üçün ikiüzlü olmaq lazımdı?
 
- Deməzdim ki, bu düzgün yanaşmadı. Mən biznes adamıyam. Neçə vaxtdı bizneslə məşğulam. Sadəcə bəzi şeylərə göz yummaq və danışmamaq lazımdı. Danışdınsa düşmənsən. Mən də düşmən oldum, qara siyahıya düşdüm. AFFA-dan PFL-ə məni Ramin Musayev dəvət etmişdi. AFFA-dan öz razılığımla ayrılıb PFL-ə getmək istəsəm də icazə vermədilər. Səbəbini soruşdum. Söhbət gedib qanuni yollara çıxdı və mən sadəcə ayrıldım. Eşitdiyimə görə, gedib Ramin Musayevə və başqa şirkətlərə demişdilər ki, Zöhrab Əliyevi işə götürməyin. İnsan işdən çıxdısa, ona uğurlar arzulamaq, kömək etmək lazımdı. Ancaq mən burda başqa niyyət gördüm. AFFA ilk iş yerim idi. Təsəvvür edin bundan sonra insanlara baxışım necə oldu. 
 
"İndi işsizdi, çünki hər şeyi üzə deyir"
 
 
- Futbola qayıtmaqla bağlı təklif almısız?
 
- "Simurq"dan sonra Xaqani Məmmədov mənə hakimliyə qayıtmağı təklif etdi. Amma fiziki durumuma görə buna hazır deyiləm. Həm də bilirəm ki, çətin olacaq. Çünki çox şeyi üzə çıxardım. O vaxt Babək Quliyevi qəbul etmirdilər. Bunu səbəbini isə demirdilər. O cümlədən Ruslan Abdullayev gözəl məşqçi idi. Azərbaycanda özünə yer tapa bilmədi və gedib Türkiyədə "Ərzurumspor"da işlədi. Dimitri Kramarenkonun atası Sergey Kramarenko da burda işləyə bilmirdi. Deyirdilər ki, filan şeyi etməlisən. Bu peşəkar mütəxəssisdi, işinə necə qarışa bilərsiz axı? Mən özümü ideal saymıram. Hazırda da futbola qayıda bilərəm. Gəlin sizə fakt göstərim. 8 klubumuz var düzdü? Birinci divizion da həvəskar səviyyəsində liqadı. 8 klubun hamısının saytına daxil olaq. AFFA da daxil olmaqla hansı saytda "vakansiya" bölməsini görmüsüz? Amma "Azərcell"dən tutmuş istənilən sayta daxil olun, hamısında bu bölməni görəcəksiz. Bu yaxınlarda, öz işimlə bağlı, UEFA-ya da müraciət etmişəm və təsdiqləyiblər. Hətta məndən "Skayp" vasitəsilə müsahibə götürdüər və keçdim. Futboldan çəkilmək istəmirəm. Niyə çəkiləliyəm? Əmim Asəf Namazov 5 il "Neftçi"nin kapitanı olub. "Kuban"da oynayıb. Hansı ki, hər azərbaycanlı gedib Premyer Liqada oynaya bilmir. Amma indi işsizdi, çünki hər şeyi üzə deyir. Heç nəyi pisləmirəm, çox sevinirəm ki, "Qarabağ" ÇL-in qrupunda oynayır. Amma Avropada marketinq baxımından istənilən klub gəlir əldə etməlidi. 
 
- Klublarımızın marketinq siyasətini bəyənirsiz?
 
- Hansı klubumuzda Marketinq Departamenti və ya işçisi var? Məsələn "Kəpəz", "Zirə"də var?  "Qarabağ"dan başqa heçş bir klubda bilet satışı, marketinqlə məşğul olan mütəxəssislər yoxdu. "Qarabağ"la bağlı heç nə deyə bilmərəm, çünki uğur qazanıblar. Uğurlar arzulayıram. Amma insanlar var ki, bu uğura heç bir aidiyyatı olmadığı halda Londona da gediblər və istəyirlər ki, "Qarabağ"ın ÇL-ə düşməsində əməkləri olduğunu desinlər. Halbuki indiyəcən heç nə etməyiblər.  Sonuncu dəfə "Qarabağ"dan başqa hansı klubumuz pulla transfer edib? Əksəriyyəti pulsuz gəlir, siz də bilirsiz ki "ucuz ətin şorbası olmaz".
 
"8 komanda ilə çempionat keçirməkdənsə..."
 
 
- Hakimliyimizin durumu necədi?
 
- Əla vəziyyətdədi. Başqa çempionatlara baxıram. Orda olan kobud səhvlər yaxşı ki, bizdə yoxdu. Düzdü səhvlər olur, amma qat-qat aşağıdı. Bununla yanaşı çempionatın səviyyəsi də aşağı düşüb. 8 komanda ilə çempionat keçirməkdənsə... Onların 5-nə AFFA sponsorluq edir. Bu isə düzgün deyil. Belə çıxır kim istəyir udur və ya uduzur. "Simurq"u misal çəkim. 2013/2014 mövsümündə 8 tur ardıcıl olaraq birinci yerdə getdi. İlk dövrə bitdi. Bundan sonra "Simurq", "İnter"lə 1 və 2-ci yerləri bölüşdü, özü də 1 xal fərqi ilə. Halbuki digər klublar ən azı 5 xal geridə idi. Azarkeşlər deyir ki, "stadionu doldururuq". Amma bilet satışı olan kimi, hamsı boykot eləyirdi. Məgər klub sizə borcludu? Azarkeş də kluba nəsə etməlidi.
 
- Hazırda nə işlə məşğulsuz?
 
- Öz sahəm, marketinq üzrə çalışıram. Kiçik biznesim var. Bunun futbola aidiyyatı yoxdu. Bununla yanaşı daimi idmanla məşğul oluram və oyunları izləyirəm. Fərqi yoxdu, yerli yaxud xarici çempionatlar olsun.
 
- Kənardan futbolumuz necə görünür?
 
- Belə deyək, yerli çempionat, iki klubu çıxmaq şərtilə... Sanki mənasız bir şeyə baxırsan. Ən pisi bilirsiz nədi? 8 komandanın 4-ü avrokuboklarda oynayır. Bu da o deməkdi ki, çempionat başlayan zaman sənin avrokuboklara getmək şansın 50 faizdi. Yəni o qədər də güc sərf etmək lazım deyil, rəqabət yoxdu. Rusiya çempionatına baxaq. hazırda "Krasnodar"dan tutmuş, "Spartak", "Zenit", "Rostov", MOİK və ümumilikdə 5-6 komanda arasında çempionluq uğrunda mübarizə gedir. Stadionlar da dolur. Fanatın marağı var. "Spartak"ın oyunlarına ən ucuz bilet 26 dollardı. Bizim pulumuzla 42, 43 manat edir. Təbii ki, onların gəlirləri də yuxarıdı. Amma bizdə belə deyək, ən ucuz bilet 15 manat olsa stadiona nə qədər azarkeş gələrdi? Klub da qazanmalıdı. Əks halda yaxşı transferlər edə bilməz. Türkiyədə "Başakşehir" var, Klişidən tutmuş Adebayora qədər görün kimləri transfer edib.  Ona görə deyirəm ki, klub rəhbərləri komandaya elə komanda kimi baxırlar. Xaricdə isə marketinqə layihə kimi baxırlar və pul qazanırlar. Bizimkilər pul xərcləyir, az miqdarını qaytarır. 
 
"Türklər, almanlar nəyə və kimə lazımdı?"
 
 
- Bölgə klubunda çalımışısız. Yəni, bölgə futbolu, uşaq futbolu həqiqətən o qədər pis vəziyyətdədi ki, əsas milli bir yana, U-19, U-21-ə belə əcnəbi futbolçuları doldururlar?
 
- Mən çalışdığım vaxt Rövşən Babayev "Simurq"un əvəzedicilərini gözəl formalaşdırmışdı. Bölgə klubu olmasınıa baxmayaraq yuxarı pillələrdə olurdu. Problem şəraitin olamamasındadı. Bir dəfə görmədim ki, U-19, U-17 və U-21-in seleksiyaçı məşqçiləri gəlib Zaqatalada oyunlara baxsınlar. Halbuki "Simurq" ilk pillələrdə gedirdi, "Neftçi", "Qarabağ" kimi rəqibləri məğlub edirdi. Bu üzdən hazırda Zaqatalanın nə U-19, nə də U-21-də oynayan futbolçusu var. Həm də o vaxtı gənc futbolçular bir balaca başlarını qaldıran kimi, deyirdilər ki, "ya pulumu artırın, ya da gedirəm başqa komandaya". onlar pulun arxasınca baxırdılar. Çox sevinirəm ki, Qurban Qurbanov indi Mahir Mədətov kimi gəncləri götürüb yetişdirir. Hər klub bu şəkildə 2-3 futbolçu yetişdirsə, yığmada problem olmaz. Türklər, almanlar nəyə və kimə lazımdı? Hansı futbolçumuzdan yaxşıdılar?
 
- Belə deyək AFFA istəsə yığmanı yerli futbolçulardan qurmaq olar...
 
- Bu, AFFA-nın işidi. Seleksiyaçılar cavabdehdi. Səhv etmirəmsə Lippert nəzarət edir. O təxminən 10 ildi Azərbaycandadı. Məntiqlə onun Azərbaycana gəldiyi vaxtda olan uşaqlar indi U-19-da, U-21-də oynamalı idi. özüm özümə sual verirəm, nəticə hanı? hazırda azarkeşəm və bununla bağlı heç bir nəticə görmürəm. Klubda olsam uşaq futboluna və marketinqə nəzarət edərəm. Xarici klublarla müqavilə bağlayardım ki, bizimkilər təcrübə qazansınlar. Xaricdən gətirilən bir legionerin puluna 4-5 futbolçunu təcrübə qazanmağa göndərmək olar. Marketinq budu, yetişdirib satırsan. Əsas yığmada bəzi futbolçuların oyunu zövq verir. Rəşad Sadıqov liderdi. Düzdü indi kifayət qədər yaşı var. Amma heç bir yığmada onun kimi lider yoxdu. Almeyda, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov milliləşdirilib. belələri çoxdu. Razıyam, Almeyda güclü futbolçudu. Amma qalanları... Belə çıxır Azərbaycanda futbolçu yetişməyib. 100 min nəfərdən cəmi 5 oyunçu çıxıb. 
 
- Bu kimin günahıdı?
 
- Vaxtında tədbir görməyənlərin. İndi işləyənlərin günahı deyil. 8-10 il əvvəl işlərini görsəydilər indi belə olmazdı. belə də ki, əksəriyyət eyni insanlardı.
 
"San Marinonu veteranlardan ibarət komandamız da məğlub edər"
 
 
 
- AFFA-nın San Marino üzərində qələbəyə görə 50 min manat mükafat verdiyi deyilir. Sizcə, bu qələbənin 50 min dəyəri varmı?
 
- 50 min? İlk dəfədi sizdən eşidirəm. Amma doğurdan belədisə, bu absurddu. Heç kimin pulun saymaq fikrində deyiləm. San Marinonu, pis çıxmasın, bizim Tərlan Əhmədov, Vladislav Qədirov, Kramarenko, Emin Ağayev və 40-50 yaş arası veteran futbolçulardan ibarət komandamız da məğlub edər. Futbolçularla yanaşı məşqçiləri də nəzərə alsaq bu 1 milyondan yuxarı məbləğ edir. Bu qədər pula 11 uşağı "Ayaks", "Portu" kimi klubların akademiyasına göndərmək olar. Bir neçə il əvvəl Gürcüstanın uşaq komandası Avropa çempionatının yarımfinalına çıxmışdı. Bundan əlavə Mxitaryanı götürək, millət olaraq düşmənik. Amma ən güclü çempionatda 4 turda 6 məhsuldar ötürmə verib. Avroliqanın finalında qol vurub. Bu futbolçunu uşaqlıqda Braziliyaya göndərmişdilər. Atası da futbolçu olub, SSRİ yığmasında oynayıb. Lazımi səviyyəyə yüksələndən sonra qayıdıb Ermənistana. Daha sonra Ukraynaya ordan da daha güclü çempionatlara gedib. İndi milyonlarla qiyməti var. "Fənərbaxça" "Vardar"la oynayırdı. "Vardar"da iki erməni vardı biri qol vurdu. Halbuki ermənilər futbol baxımından bizdən qat-qat zəifdilər. Onların sadəcə güclü diasporu var. Həm də kasıbdılar. Kasıb isə idmana can atır ki, pul qazansın. Xaricdə qazandıqları pul isə öz ölkəsində milyon sayılır. Bizdə isə pulları indi-indi azaldırlar. Belədə futbolçu niyə xaricə getsin? Həyatından razıdı axı. Biz də futbolçuları xaricə göndərməliyik ki, təcrübə toplasınlar. Bir şey deyim. Kaxaber Sxadadzeni tərifləyirdilər ki, super məşqçidi. İndi onun oğlu harda oynayır? Halbuki Azərbaycanda ilinə 150 min dollar qazanırdı. Bu pula görün neçə uşaq göndərmək olar xaricə? İndi kim kimə düşməndi? U-19 və U-21-də eyni məşqçilər işləyir. Biri gedir, digəri gəlir. İnsanlara şans verilməlidi. 
Tarix: 13 Sentyabr [12:15]
Oxunub: 247 dəfə
Müəllif: Aut.az

“Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir

Aut.az

"Səbail" yeni transferini sifariş etdi

Aut.az

"Kəpəz" "Səbail"ə, "Zirə" "İnter"ə qarşı - BU GÜN

Aut.az

Nazir öz klubunu idarə etməyi "Səbail"in şura üzvünə tapşırdı

Aut.az

"İstəmirəm ki, azarkeşlərimiz məyus olsun" - Qurban Qurbanov

Aut.az

"Qarabağ" "Sumqayıt"a qalib gəldi

Aut.az

Səfirdən "Atletiko"nun prezidentinə "Qarabağ" forması

Aut.az

Azərbaycan futbolu ağır təhdid qarşısında - Avropaya 3 klubumuz gedəcək

Aut.az

"Il Romanista": "Müharibə içində futbol - Bu da Qarabağ"

Aut.az

Qusarlılar AFFA-dan ölkə başçısına şikayət etdi

Aut.az