“Qarabağ” boyda sevinc

Tez-tez deyirik: "bizim Qarabağ boyda dərdimiz var”. Bəli, acı da olsa, həqiqətdir. Artıq 30 ilə yaxındı ki, bu dərd bizimlədi. Ürəyimizdə, çiyinlərimizdə onu daşıyırıq. Ayağımızı Biləcəridən o tərəfə qoyan kimi birbalaca səmimiyyət qurduğumuz istənilən əcnəbidən məlum sualı eşitməyimizdən qorxuruq: "Qarabağ kimin ərazisidi? Problemə nə vaxt son qoyulacaq?”

İkinci hissəsinə cavab tapa bilmədiyimiz o ağır sual dəfələrlə bizi əzib, yerin dibinə soxub.

Danışdıqlarım xəyal məhsulu deyil. O qədər də uzaq sayılmasa da, mən də ömrümün 50 ayını Azərbaycandan kənarda yaşamışam. Bakıya qayıtdıqdan sonra da dəfələrlə müxtəlif səbəblərdən xaricə səfərlər etmişəm. Həmişə bu sual qulaqlarımda cingildəyib, dəfələrlə onu eşidib, cavablandırmağa məcbur olmuşam. Çox çətindi...

Əlbəttə, savaş meydanındakı məğlubiyyətin əvəzi elə orda da çıxılmalıdı. Nə diplomatiya ilə, nə də idman və ya mədəniyyətlə düşməndən qisas alınmır, işğal altındakı torpaqlar düşmənin tapdağından azad edilmir. Kim əksini iddia etsə də, biz bunu bilavasitə yaşayırıq. ATƏT-in Minsk qrupunun həmsədirlərinin Bakıya, İrəvana, cəbhəyanı rayonlara səfərlərinin sayını-hesabını itirmişik. Deyəsən, üzləri utanır, çoxdandı ki, görünmürlər.

Bir gün yumruqlarımızı düyünləyəcək və mənfur düşmənin üzərinə atılacağıq. 2016-cı ilin aprelində olduğu kimi. Bu dəfə dayanmamaq şərti ilə. Onları qovacayıq-qovacayıq, ta ora qədər ki, bütün tarixi torpaqlarımızdan murdar ayaqlarını çəkənə kimi. Hələlik isi bunu arzulaya-arzulaya qəzəbdən boğulmaqdayıq.
 
 
Yazının əvvəlində bizi əzən həmin o iki sualı dəfələrlə eşitməyimizdən yazmışdım. Bu gedişlə bizi əzən iki sualdan birini daha az eşidəcəyik. Qurban Qurbanov və onun cəngavər kimi futbolçuları Avropanın yaşıl meydanlarındakı zəfərləriylə bu sualın cavabını verməyi bacarırlar. Heç şübhə etmirəm ki, dünən axşamkı zəfərdən sonra artıq Avropanın hər yerində Qarabağ və Azərbaycan adlarını yanaşı eşidirlər. Bəli, əziz vətənin ayrılmaz hissəsi olan müqəddəs torpaqlarımızın adını daşıyan Ağdam klubu bu missiyanın öhdəsindən gələ bilir. 

Mahir Mədətovun bizi dünyanın xoşbəxti edən qolundan az sonra "Tofiq Bəhramov"un dolu tribunalarından bu şüar ucalırdı: "Qarabağ bizimdi, bizim olacaq!” O hayqırtı qarşılaşmanı yayımlayan müxtəlif əcnəbi kanallar vasitəsiylə dünyanın dörd bir yanında eşidildi, bizi sevməyənlərin də qulaqlarını batırdı. Sən bizimsən, Qarabağ, fəxrimizsən "Qarabağ”! 

Dünən axşamdan bəri Azərbaycandan uzaqda yaşayan xeyli dost-tanışdan mesaj almışam. Onlar bu dəfə Qarabağın kimin ərazisi olduğunu soruşmur, bizə "Qarabağ”ın zəfəri münasibətiylə təbriklərini çatdırırlar. İndi bizim "Qarabağ” boyda sevincimiz var. Ürəyimizi fəxarət hissiylə doldurur, başımızı dik tutmağa yardımçı olur. 

Qarabağdakı zəfərimiz münasibətiylə də təbriklər qəbul etmək arzusuyla...

Amal ABUŞOV
Tarix: 16 Avqust [17:00]
Oxunub: 140 dəfə
Müəllif: Aut.az

Vurum sizin qolunuzu...

Aut,az

Məkanın dəyişdirməyəcəyi sevgi

Aut/az

Olmayan rayonun olmayan futbolu - YAZI

Aut.az

Qurban Qurbanovun uzun, incə yolu YAZI

Aut.az

Onlar ağladı, biz də ağladıq...

Aut.az

“Ölü”nün qıdığı gəlməz...

Aut.az

“Qarabağ” boyda sevinc

Aut.az

Xəcalət hissi

Aut.az

Gətirməyənin... - YAZI

Aut.az

Bütün Azərbaycanın “Qarabağ”ı!

Aut.az