Bütün Azərbaycanın “Qarabağ”ı!

Qələbə yaxşı şeydi. Adamın bütün problemlərini unutdurur, eyforiyaya qapılırsan, vətənpərvərlik hissin ən yüksək nöqtəyə qalxır, sevincindən yuxun qaçır, sabaha daha böyük ümid və inamla baxırsan… Cəmi bir qələbə çox şeyi, hər şeyi dəyişir. “Qarabağ”ın ifasındakı axşamkı olanından kimi.
 
Bu ölkənin qələbələrə ehtiyacı var. İstənilən sahədə: siyasət, iqtisadiyyat, idman, hətta şou-biznesdə də. Bu zəfərlər onsuz da böyük çətinliklərlə mübarizə aparan, hətta daha böyüyünün astanasında olan xalq üçün ani də olsa nəfəs dərmə imkanıdı. Nəfəs dərmə, növbəti dəfə toparlanıb irəli getmək üçün imkandı. Nəzərə alanda ki, bu qələbənin adında “Qarabağ” sözü var, onun əhəmiyyəti, simvolizmi birə-beş artır. Taleyin oyununa bax: “Şerif” Moldovanın separatçı rejimi Pridnestrovyenin təmsilçidi. Öz ölkəsində eyni “ruhlu” rejimin, düşmənin zərbəsindən əziyyət çəkən, didərgin düşən komanda, futbol meydanında bir separatçı təmsilçiyə layiqli cavab verməyi bacardı. Bu dəfə Moldovada idi, növbətisi Azərbaycanda olar. Əsl döyüş meydanında.
 
Qaliblər isə mühakimə olunmur. Bu gün “Qarabağ”, həm komanda, həm də klub olaraq qalibdi. Şəninə təriflər yağdırmaq, əllər üstünə qaldırmaq, hörmət nümayiş etdirmək lazımdı. Qurban Qurbanov və yetirmələri bunu artıqlaması ilə haqq ediblər. Öz fəlsəfəsinə sadiq qalmaq, döyüşkən ruhu daima saxlamaq, çətinliklərə rəğmən geri çəkilməmək, mübarizə aparmaq, döyüşmək, ən əsası da səbr etmək… “Qarabağ” buralara gəlmək üçün uzun, çox uzun və ağır yol keçib. Sərf olunan əmək, əsəb, enerjini hesablamağa heç bir hesablayıcı maşın bəs etməz. Bizə bu komandaya, bu qələbədə əməyi olan hər kəsə yalnız “Əhsən” demək qalır. Tarix bir günə yazılır, ancaq mürəkkəb bir günə hazırlanmır, bunun üçün daha çox vaxt lazımdı.
 
“Şerif” üzərindəki qələbə bizi indidən böyük xəyallara daldırır. Artıq pley-offdayıq. Sonrasını isə fikirləşə belə bilmirik, çünki xəyalları bir anın içərisində reallığa calamaq asan deyil. Adamın lap tükləri ürpəşir. Hətta qorxundan fikirləşirsən ki, bəlkə heç qrupa çıxmayaq? Ürək dözməz buna. Çünki ÇL-in qrupu elitadı, bir üst pillə, ən üst pillədi. Bunu yazanda belə adam həyəcanlanır…
 
Cəmi iki oyun qalıb. Qurban Qurbanovun komandası rəqib kimliyindən asılı olmayaraq sona qədər döyüşəcək. Bunu hamımız bilirik və dəfələrlə sübutunun canlı şahidi olmuşuq. Cəmi iki oyun. 180, ya da 210 dəqiqlik həyəcan bizi – azarkeşləri, ictimaiyyətimizi, biz jurnalistlri bir üst səviyyəyə qaldıracaq, inkişaf etməyə, böyüməyə məcbur edəcək. Tarix göstərir ki, bizi başqa yolla inkişaf etdirmək mümkün deyil. “Qarabağ” qarşıdakı iki oyunda yalnız özü, rəhbərləri, yaxud azarkeşləri üçün yox, sözün əsl mənasında ölkə üçün meydana çıxacaq. Onunla birlikdə hamımız döyüşəcək, ya udacaq, ya da uduzacağıq. Ancaq istənilən nəticə xeyrimizə olacaq. Çünki biləcəyik ki, bura qədər gəlmək artıq xəyal deyil. Su gələn arxa, bir də gələr. Biz də gələcəyik. Bacarığımız, birliyimiz, səbrimiz hesabına.
 
Səbrli olaq. Cəmi iki oyun qalıb…
 
Kənan Məstəliyev, “Rekord.az”
Tarix: 2 Avqust [16:40]
Oxunub: 97 dəfə
Müəllif: Aut.az

Vurum sizin qolunuzu...

Aut,az

Məkanın dəyişdirməyəcəyi sevgi

Aut/az

Olmayan rayonun olmayan futbolu - YAZI

Aut.az

Qurban Qurbanovun uzun, incə yolu YAZI

Aut.az

Onlar ağladı, biz də ağladıq...

Aut.az

“Ölü”nün qıdığı gəlməz...

Aut.az

“Qarabağ” boyda sevinc

Aut.az

Xəcalət hissi

Aut.az

Gətirməyənin... - YAZI

Aut.az

Bütün Azərbaycanın “Qarabağ”ı!

Aut.az