Biri gəlir, bir gedir... “Neftçi”də!

Biri gələr, bir gedər hamamda,
Ölü gələr, diri gedər hamamda,
Canımızın kiri gedər hamamda!
                        (“Papaq” filmindən)
 
 
“Neftçi”nin sabiq icraçı direktoru, yeni prezidenti Orxan Hüseynzadə taxtına çıxan kimi ardıcıl bir neçə gurultulu müsahibə verdi. Sualların qoyuluşu fərqli olsa da, onlara verilən cavablar təxminən eyni idi. Deyirdi ki, ötən qışda güclü heyət formalaşdırıblar və mövsümün qalan hissəsində həmin futbolçular bir-birinə uyğunlaşmağı bacarıblar. Onun sözlərindən belə başa düşürdük ki, “Neftçi”nin 80-ci yubiley ilində səkkiz komandanın iştirak etdiyi Premyer Liqada 7-ci olmasının da, ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”ın əvəzedici heyətinə uduzmasının da səbəbi məhz bu məqam imiş. Yüksək səviyyəli futbolçulardan qurulmuş “ansambl” məhz uyğunlaşma probleminə görə onlardan gözlənilən nəticəni verə bilməyib.
 
Sizin də yadınızda olar, qış fasiləsində tanış menecerlər “Neftçi”nin düşərgəsini karvansaray qapısına döndərmişdilər. Elxan Abdullayev də bu kütləvi dəyişikliklərin “Neftçi”yə heç nə verməyəcəyini, yeni futbolçular bir-birini tanıyana qədər çempionatın bitəcəyini deyənlərlə razılaşmırdı. Hətta iddia edirdi ki, onların bəyəndikləri futbolçular hamısı düşərgəyə hazır gəliblər, sabiq komandalarında əsas heyət üzvü olduqlarından daim meydana çıxıblar. Məhz bu səbəbdən onlara görə müqavilə ilə məxsus olduqları klublara transfer haqqı ödəməkdən belə çəkinməyiblər. Nəticəsi nə oldu? Heç nə! “Neftçi”yə ayrılan son qəpik-quruşu da göyə sovurdular. Ölkənin ən qocaman klubu nə ölkə kubokunun finalına çıxa bildi, nə də AZAL-dan başqasını qabaqlaya. Avrokuboklara vəsiqəni min bir üsulla “xalq komandası”na peşkəş etmək, “Azərbaycanı qitə kuboklarında layiqincə təmsil etmək üçün güclənməliyik” adıyla sponsordan transfer üçün yenidən milyonlar qoparmaq da mümkün olmadı. Onlar da neft kranından “Neftçi”yə ayrılan “damcılar”ın sayını azaltdılar.
 
Yayda qaz vurub-qazan doldurmaq həvəsi qursağında qalan “yenilər” hər kəlməbaşı kredit qaytardıqlarını vurğulayırlar. Daha demirlər ki, həmin kredit borcları necə yaranıb, borcun xirtdəyə qədər çıxacağını bilə-bilə nə üçün qışda bu qədər yararsız əcnəbiyə pul xərcləyiblər?
 
Sözüm onda deyil. Cənab Hüseynzadənin prezident olduqdan sonra möhkəm yapışdığı arqumentə qayıtmaq istəyirəm. Heyəti qoruyub saxlamağı bacardıqlarından və məhz bunun sayəsində “Neftçi”ni ilk “üçlüyə” çıxaracaqlarından dəm vururdu. Bir ildi “Neftçi”nin formasını geyinən Edson Kastilyonu Venesuelanın “Mineros Quayana” klubuna icarəyə verdilər. Guya ki, Elxan Abdullayevin əlinin altında futbolçu bolluğudu, lazımsızları icarəyə göndərirlər. Ondan əvvəl isə gürcü Navalovski klubla müqaviləsi ola-ola Rusiyaya yollandı. Qışda gətirdikləri Zdenek Folprexti də saxlaya bilmədilər. Hələ mən klubun öz yetirməsi olan yerli gəncləri demirəm. Əvəzində “Rudar”dan Mateo Mujeklə müqavilə bağlandığı böyük fəxarət hissiylə elan olunub. Sanki xorvatiyalı müdafiəçi ölkənin ən qocaman klubunun bütün dərdlərinə çarə qılacaq. Bəs hanı sizin qoruduğunuz, uyğunlaşma dövrünü geridə qoymuş heyətiniz? Bu gedişlə “Neftçi” nəinki mükafatçılar sırasına düşə bilməyəcək, heç ötən mövsümkü “nəticəsini” belə yaxşılaşdırmayacaq. Daha AZAL yoxdu, Orxan bəy!
Amal Abuşov Rekord.az
 
Tarix: 29 İyul [15:00]
Oxunub: 250 dəfə
Müəllif: Aut.az

Vurum sizin qolunuzu...

Aut,az

Məkanın dəyişdirməyəcəyi sevgi

Aut/az

Olmayan rayonun olmayan futbolu - YAZI

Aut.az

Qurban Qurbanovun uzun, incə yolu YAZI

Aut.az

Onlar ağladı, biz də ağladıq...

Aut.az

“Ölü”nün qıdığı gəlməz...

Aut.az

“Qarabağ” boyda sevinc

Aut.az

Xəcalət hissi

Aut.az

Gətirməyənin... - YAZI

Aut.az

Bütün Azərbaycanın “Qarabağ”ı!

Aut.az