Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı

“Əsas komandaya ayrılan pul 2,5, maksimum 3 milyon manatdı”
 
İyulun 6-da “Neftçi”də növbəti struktur dəyişikliyi baş verdi. İcraçı direktor Orxan Hüseynzadə prezident təyin olundu, Elnur Eyvazov isə onun yerini tutdu. Ciddi mənada heç nəyi dəyişməyəcək post dəyişikliyinin səbəbini öyrənmək, həm də “Neftçi”ylə bağlı başqa suallara cavab tapmaq üçün Orxan bəylə ötən həftə görüşməliydik. Vaxt azlığına görə gecikən görüş dünən klubun bazasında baş tutdu. Bəndənizi kabinetində qəbul edən yeni başqan bütün sualları çəkinmədən, səmimi cavabladı ki, həm ona, həm də müsahibəni təşkil edən Rüstəm Əfsərliyə təşəkkür düşür.

“Təsisçi ilə birbaşa özüm danışıb, görüşürəm”
- 10 gündən çoxdu prezident səlahiyyətlərini icra edirsiz. Bu vaxt ərzində nə dəyişib, nəyi dəyişmisiz?
- Səlahiyyət olaraq üzərimdə olan yük təxminən eynidi. Əvvəl insanların başında sual yaranırdı ki, “Neftçi”yə kim cavabdehlik daşıyır, səlahiyyətli şəxs kimi kimdən hesabat alınır, kimdi qərar verən? Bəziləri Müşahidə Şurasını hədəf seçirdi, bəziləri isə icraçı direktoru, yəni məni. Amma prezident təyinatından sonra bütün suallara aydınlıq gəldi. Bundan sonra klub idarəçiliyi, komandanın nəticələri ilə bağlı cavabdehliyi mən daşıyacam.
- İcraçı direktor vəzifəsini daşıyanda da cavabdehlik daşıyan şəxs siz idiz. Düzdü?
- Bəli.
- Belədə iki il əvvəl ləğv olunmuş post niyə yenidən bərpa olundu?
- Təsisçinin bu qərarı kluba sabitlik gətirəcək. “Neftçi”nin inkişafına təkan verəcək.
- Görünür, həmin vaxt üçün prezident postunu ləğv etmək məqsədəuyğun imiş. Amma Müşahidə Şurasının mövcüd olduğu klublarda prezident vəzifəsi də var. “Sumqayıt”ı nümunə göstərə bilərik.
- Deməli, prezidentsiz klub siyasəti özünü doğrultmadı.
- Məncə də.
- Bu gün üzərinizə düşən işlər nədən ibarətdi? Bir az geniş izah versəz, yaxşı olar.
- Əsas işim klubda baş verən hər şeyə nəzarət etmək, proseslərdən xəbərdar olmaqdı. Bununla yanaşı, təsisçi ilə klub arasında körpü rolunu oynayıram.
- Siz təsisçi ilə şəxsən görüşürsüz, yoxsa dərdinizi Müşahidə Şurasında yer alanlara deyirsiz, onlar çatdırır?
- Təsisçi ilə birbaşa özüm danışıb, görüşürəm.
- Sirr deyilsə, təsisçi kimdi?
- SOCAR rəhbərliyi.
- Rövnəq Abdullayev?
- Xeyr. “Neftçi” İdman Klubu İctimai Birliyinin rəhbəri (ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılovu nəzərdə tutur – H.).

“Ən yüksəködənişli futbolçumuz ildə 150 min dollar alır”
- Mövsümü 7-ci pillədə başa vuran, son iki ildə daim təzyiq altında olan, bir çox halda azarkeşlərin üz çevirdiyi komandanı çətin vəziyyətdən çıxarmaq üçün prezident kimi hansı planlarınız var?
- Bu dəqiqə bütün diqqətimizi əsas komandaya ayırmışıq. Çünki əvəzedici heyətdə, akademiyada işlər qaydasında gedir. Ən çox əsas komandaya görə narahatıq. Son iki ildə həm məşqçi, həm də futbolçu dəyişiklikləri oldu. Qarışıq vəziyyət yaranmışdı, qeyri-sabitlik müşahidə olunurdu. İlk növbədə bunu aradan qaldırmağa çalışdıq. Mövsümün başa çatmasına baxmayaraq, həm baş məşqçini, həm də futbolçuları qoruyub saxladıq. Məncə, bu heyət növbəti çempionatda uğurlu çıxış edəcək. Gördüyünüz kimi, komandaların çoxunda ciddi dəyişikliklər oldu. Məsələn, “Qəbələ”, “Zirə”, “Kəpəz” kimi rəqiblərimiz yeni heyət formalaşdırdılar, “Səbail”, ümumiyyətlə, sıfırdan yığıldı. Biz isə oturuşmuş heyəti qoruduq. Bunun özü böyük faydadı. Yanvardan aprelə qədər olan vaxt uyğunlaşma dönəmi idi.
- Belə başa düşdüm ki, əsas planınız “ümid edək ki, yaxşı olacaq”dı. Yəni hansısa dəyişiklik, yaxud yenilik müzakirə mövzusu deyil.
- Mən görürəm ki, bu komandanın potensialı var. Yəni bu gün çempionatda ilk “3-lük”də qərarlaşmaq gücündədi. Səviyyəli futbolçularımız var deyə, komandaya çox inanıram. Növbəti mövsüm üçün məqsədimiz avrokuboklara vəsiqə verən yerlərdən birinə sahib olmaqdı. Belə olacağı halda həm medal qazanarıq, həm də avrokuboklarda iştirak etməklə klubun büdcəsinə fayda vermiş olarıq.
- Büdcəniz necədi?
- Premyer-liqa təmsilçiləri arasında 3-cü sıradayıq. Yalnız “Qarabağ”la “Qəbələ”dən geri qalırıq.
- Büdcə sıralamasında 3-cü yerdə qərarlaşan klubun prezidenti pulsuzluqdan, büdcənin az olmasından necə gileylənə bilər axı? Siz büdcənin azlığından danışanda, onda “İnter”, “Zirə”, “Kəpəz” rəhbərliyi nə etsin?
- “Zirə”nin büdcəsi haqda bir söz deyə bilmərəm. Xeyli sayda bacarıqlı futbolçular alıblar. Bilirsiz, bizdə problem nədi? Büdcənin böyük hissəsi təsərrüfat xərclərinə gedir. Bu gün oturduğumuz baza, Bakıxanovdakı təlim-məşq bazası, üstəgəl, “Bakcell Arena”. Bu üç obyekti saxlamaq, qulluq etmək bilirsiz nə qədər vəsait və işçi tələb edir? Bununla yanaşı, banka olan kredit borcumuz. Hər dəfə aylıq büdcədən 15 faiz banka ödəyirik. Büdcənin hamısı əsas komandaya sərf olunsaydı, nə dərdimiz? “Zirə”nin əlavə xərcləri bizdəki qədər deyil.
- “Zirə”nin ümumi büdcəsi 2, uzağı 2,5 milyon manatdı. Maraqlıdı, “Neftçi”nin əsas komandasına ayrılan vəsait nə qədərdi? Yəni məşqçilər heyəti və futbolçulara.
- Hardasa 2,5, maksimum 3 milyon manat.
- Ən yüksəködənişli futbolçu nə qədər maaş alır? Ad çəkməyiniz vacib deyil.
- İldə 150 min dollar (təxminən 255 min manat).
- Yeni transferlərlə bağlı nə yenilik var? Zdenek Folprextin əvəzinə kimsə cəlb olunacaq?
- İlk növbədə həmin futbolçuya verə biləcəyimiz məbləği müəyyənləşdirməliyik Son vaxtlar qənaət rejimində işləyirik, bəzi ixtisarlar oldu. Çalışırıq ki, əsas komandanın uğur qazanması üçün hansısa işlər görək, pul xərcləyək. Elə futbolçu almalıyıq ki, “Neftçi”yə köməyi dəysin, pul məsələsində razılaşaq.
- Yəni yeni futbolçu alacaqsız.
- Ümid edirəm. Amma hələ dəqiq deyil.
- Son iki ildə, yəni 2015-in martından bu yana “Neftçi”də məşqçi və futbolçu dəyişikliyinin sayı-hesabı yoxdu. Arif Əsədov, Samir Əliyev, Əsgər Abdullayev, Vəli Qasımov, indi də Elxan Abdullayev. 28 aya 5 məşqçi. Gəlib-gedən futbolçuların sayı da itib. Bu qədər dəyişikliklər fonunda nəticə əldə olunmursa, sizcə, problem nədədi, kimdədi? Rəhbərlikdə?
- Ən böyük problem elə dediyiniz dəyişikliklərlə bağlı idi. Qısa müddətdə bu qədər məşqçi və futbolçu dəyişmək uğur gətirə bilməzdi. Ona görə də işlər bu vəziyyətə gəlib çıxdı. Komandada sabitlik olmalıdı, vaxt verilməlidi.
- Dəyişikliyi edən kimdi? Təbii ki, rəhbərlik. Düzdü?
- “Neftçi” elə komandadı ki, zamanından, şəraitindən, büdcəsindən asılı olmayaraq, ictimaiyyət həmişə nəticə tələb edir. Çünki əvvəlki uğurlar insanlarda müsbət fikirlər yaradıb. 2012-ci ildə komandanın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması hələ də yaddaşlardadı. Həmin uğurların davamı gəlməliydi. Yenə çempionluqlar, yenə avrokuboklarda nailiyyətlər.
- Bəs niyə gəlmədi? Kim, nə imkan vermədi?
- Hər şey yenidən başladı, büdcə azaldıldı. Ondan sonra da büdcəyə uyğun futbolçular alındı. Hansı ki, həmin futbolçular əvvəlki heyətdə yer alanlardan bir çox keyfiyyətlərdə geri qalırdı. Bu da nəticədə sözünü deyirdi. Pul olmayanda məcbur olub orta səviyyəli oyunçular almalısan. Futbolçunun səviyyəsi bir az aşağı düşsə də, azarkeşlərin tələbi həmişəki kimi qalır. Burda ən böyük problem məşqçilərə vaxt verilməməsiydi. Dəyişiklik edəndə də zamanla, bir-bir etmək lazım idi, kütləvi şəkildə yox. Bəzi məşqçilər var ki, “Neftçi”yə və özünə olan təzyiqlərin qarşısında tab gətirə bilmir. Elələri oldu ki, təzyiqlərə dözməyib getdi.

“Getman yox, başqası olsaydı, qaytarmazdıq”
- Dediz ki, maliyyəni ayıran təsisçi ilə şəxsən görüşə bilirsiz. Yəni çatışmazlıqları deyə, təklifləri və tapşırıqları eşidirsiz. Belədə Müşahidə Şurası nəyə lazımdı? Orda yer alanların işi nədən ibarətdi?
- Müşahidə Şurası maliyyə şəffaflığına nəzarət etmək üçün yaradılmışdı. Kluba ayrılan maliyyənin düzgün istiqamətə xərclənməsi, israfçılığa yol verilməməsi – bunları diqqət mərkəzində saxlamalıydılar. Lakin indi mühasibat açıqdı, hər şey göz qabağındadı. Bu iki il ərzində Müşahidə Şurasının böyük əməyi, köməyi olub. Şəffaf büdcəyə keçilməsi yolunda xeyli zəhmət sərf ediblər.
- Bəs indi nə iş görürlər?
- Bundan sonra ildə 3-4 dəfə bir araya gəlib, klubun inkişafı və görülən işlər barədə fikirlərini səsləndirəcəklər.
- Şurada Ağasəlim Mircavadov, Vaqif Sadıqov və futbola bağlı olan başqaları olsa, nəsə başa düşmək olar. Amma Çingiz Abdullayev, Fərhad Bədəlbəyli, Mehdi Nəcəfov klubun, yaxud komandanın inkişafı üçün nə edə bilər axı?
- Müşahidə Şurası mən bura gələnə qədər mövcud idi və hansısa dəyişiklik gözlənilmir.
- Bəlkə təsisçiylə görüşdə təklif edəsiz?
- Müşahidə Şurası mənə qətiyyən mane olmur. Sərbəst işlərimi görürəm. Orda yer alanların hamısı cəmiyyətin tanıdığı simalardı, nüfuz sahibləridi. Klubun başında belə şəxslərin durmasının böyük xeyri var. Bəzən elə işlərdə yardım əllərini uzadırlar ki, kluba böyük köməyi dəyir. Müşahidə Şurasının “Neftçi”yə xeyri çoxdu.
- “Zirə” ilə oyundakı yanlış əvəzetməyə görə klubdan uzaqlaşdırdığınız İqor Getmanı niyə yola salmışdız, niyə geri qaytardız?
- Getman tək deyildi, Aleksandr Deriberin də yola salınmışdı. Səbəbini də özünüz dediz, sırf yanlış əvəzetməyə görə idi. Həmin vaxt əsəblər tarıma çəkilmişdi, komandada təlaş var idi və nəticədə texniki məğlubiyyət aldıq.
- Sizin qərarınız əsasında uzaqlaşdırılmışdılar?
- Bəli, sırf mənim. Sonradan yeni köməkçiyə ehtiyac duyuldu və başqasını axtarmadıq. Çünki illərini “Neftçi”yə həsr etmiş Getman var idi. Ona görə də qaytarmağı qərara aldıq.
- Səhvə yol vermişdi axı.
- Başa düşürəm. Getman yox, başqası olsaydı, qaytarmazdıq. O növbəti şans qazanmağı haqq etmişdi.
- Yəni İqor Getmana görə səhv üstünə səhv gətirməyə dəyərdi.
- Hesab etmirəm ki, İqoru kənarlaşdırmaq səhv idi. Buna hansısa şəkildə reaksiya verməliydik. İnsanlar günahkarların cəzalandığını görməliydi, bilməliydi.
- Bakıxanovdakı təlim-məşq bazası haqda gözəgəlimli planlar var idi. Yarımçıq qalmış tikili başa çatdırılmalıydı, komanda üzvləri orda məskunlaşmalıydı. İndi üç meydançadan başqa orda heç bir şərait yoxdu.
- Bu gün həqiqətən maliyyə sıxıntısı var. Təkcə “Neftçi”də yox, ümumilikdə ölkədə. Klubun büdcəsindən bazanın tikintisinə pul ayıra bilmirik. Nə vaxtsa əlavə vəsait ayrılsa, nəsə etmək olar, ancaq indiki vəziyyətdə yox. Klubun büdcəsi hesabına nə bacarırdıqsa, etdik. Bundan sonrası mümkün deyil.

“Borclar devalvasiyadan sonra yarandı”
- “Bakcell Arena”ya “Neftçi” cavabdehdi, düzdü?
- Bəli.
- Məndə olan məlumata görə “İnter” ev oyunlarını orda keçirmək istəyirmiş. Lakin bu mümkün olmayıb. Səbəb isə kluba nəzarət edənlərin sizə yox, birbaşa AFFA-ya müraciət etməsi olub. Bu da sizə xoş gəlməyib.
- Bəli, belə bir söhbət var idi. Daha doğrusu, “İnter” ehtiyat stadion kimi “Bakcell Arena”nı göstərmək istəyirdik və buna görə bizə müraciət etmişdilər. Lakin biz bundan imtina etdik, çünki məcbur idik. “İnter” müraciət edənə qədər “Qəbələ”yə söz vermişdik. İki komanda orda oynasaydı, örtük sıradan çıxardı. Xüsusilə yay aylarında yüklənmə çox olur, ot tez sıradan çıxır. Yəni aramızdakı söhbət belə olub. AFFA-ya müraciət etdiklərinə görə inciklik söhbəti olmayıb aramızda. Çünki müraciət, dediyim kimi, birbaşa bizə edilmişdi.
- Bildiyimə görə, “Qəbələ”dən aldığınız icarə haqqını da artırmısız.
- Bəli. Bu da səbəbsiz deyil. Son illərdə kommunal ödənişlər artıb, özünüz bilirsiz. Üstəlik, stadionun UEFA-nın tələblərinə cavab verməsi, sertifikat alması üçün xeyli xərc çəkmişik. “Qəbələ” mübarizəni davam etdirsə, biz stadionsuz qalacağıq. Məcbur olub başqa stadionu icarəyə götürəcəyik. Bunların hamısı xərcdi. Məncə, aldığımız məbləğ normaldı.
- 20 min manat?
- Bəli.
- İki il əvvəl 10 min idi, ötən il 15 min, bu il 20 min.
- Elədi.
- Borcları bağlamaq üçün bankdan götürülən kreditdən bəhs etdiz. Söhbət hansı borclardan gedirdi? Mpenza məsələsi qurtarmadı?
- Borc təkcə Mpenzaya deyildi. Əlimizdə bir səhifəlik siyahı var idi. Aylton, Kaue, Ramos, Kanales, Stamenkoviç... Bunlar yadımda qalanlardı. Problem də bilirsiz nədən qaynaqlanırdı? Bütün müqavilələr dollarla razılaşdırılmışdı. Ardıcıl iki devalvasiyadan sonra büdcəyə ciddi ziyan dəydi. Çünki nəzərdə tutulan pul verilməliydi. Məsələn, Ramos müqaviləyə görə 100 dollar almalıdısa, ilk dönəmlərdə 78 manat edirdi. Sonra qalxdı 105 manata, daha sonra 155-ə. Borclar devalvasiyadan sonra yarandı.(futbol+)
Tarix: 20 İyul [18:00]
Oxunub: 389 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanovdan milli üzvlərinə sərt mesaj - MÜSAHİBƏ

Aut.az

"Azərbaycan futbolu naminə bu addımı atmalıyıq" - Qurban Qurbanov

Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az