”Azarkeşsiz “Neftçi” yoxdur, heç vaxt da olmayacaq”

“Neftçi”nin mətbuat xidmətinin yeni rəhbəri Rüstəm Əfsərli müsahibə verib. O, müsahibədə klubla azarkeşlər və media arasındakı münasibətlər barədə danışıb.
 
- "Neftçi" ötən mövsüm tarixinin ən uğursuz mövsümlərindən birini keçirdi. Nəticələrlə yanaşı,  media ve azarkeşlərlə münasibət də pis idi. Belə bir vaxtda klubun mətbuat xidmətinin rəhbəri təyin edildiniz. Yeni işə başlamaq nə dərəcədə çətin oldu?
 
- Çətinliyi başa düşürəm. Amma mən “Neftçi”nin mövsümün ikinci yarısındakı nəticələrini kifayət qədər yaxşı qiymətləndirirəm. Fikirləşirəm ki, komanda mövsümə yaxşı başlasaydı, daha uğurlu nəticələr əldə etmək olardı, komanda yüksək pillələrdə qərarlaşa bilərdi. Birinci dövrədə yaxşı çıxış etmədik deyə, bu, ikinci dövrəyə də təsir etdi. Azarkeşlər və media ilə münasibətlərin korlanmağına gəlincə, buna təbii baxmaq lazımdır. Nəticə olmayanda, komanda tənqid olunur. İnsan qıcıqlandıqca müəyyən şeylərə reaksiya verməyə başlayır, bəzən hislərini cilovlaya bilmir. Azarkeşlərlə ümumiyyətlə, münaqişəyə girmək olmaz. “Neftçi”nin nəyi varsa, azarkeşlərinindir. “Neftçi” azarkeşlər üçündür, azarkeşsiz “Neftçi” yoxdur. Mətbuatsız, jurnalistsiz də klubun hansısa bir fəaliyyətindən söz gedə bilməz. 

- Yəni gərginliyin, çətinliklərin aradan qalxdığını düşünürsən?

- Bəli, mən düşünürəm ki, aradan qalxıb. “Neftçi” istəyir ki, bu gərginlik aradan qalxsın. Bizə lazımdır ki, klubun ətrafında ab-hava yaxşı olsun. Azarkeşlər də, mətbuat da bizdən razı qalsın. Görülən işlərlə bağlı hər hansı bir nikbin məqamı görüb, ondan yazsın. Bu, çox vacibdir.

- Bu gərginliyin aradan qaldırılması üçün hansı işlər görülüb? Ya da hansı planlar var, hansı işlər görüləcək?

- Burda hər şey tənqidlərə bağlanır. Tənqid də “Neftçi”nin alnına yazılıb. Nə qədər ki, “Neftçi” var, fəaliyyətini davam etdirəcək, tənqidlər də olacaq. Hətta komandanın ən yaxşı vaxtlarında belə hansısa sıxıntılar ola biləcək, onlar bu barədə danışacaq və yazacaqlar. Çünki insanların “Neftçi”yə ürəyi yanır, onlar komandalarını ideal formada görmək istəyirlər. Nəinki Azərbaycanda, dünyada, Avropada birinci görmək istəyirlər. Bunu üçün də onlar çatışmazlıqlara fikir bildirirlər. Sırf bu mənada mən öz adımdan və “Neftçi” rəhbərliyi adından danışa bilərəm ki, bu yola çıxanda hər şeyi gözə almışıq. Başa düşürük ki, “Neftçi”nin tənqidsiz bir günü olmayacaq. Biz bunun olmasını da istəyirik. Çünki tənqid olunmasaq, o deməkdir ki, artıq insanlara lazım deyilik. Biz də istəyirik ki, “Neftçi” insanlara lazım olsun.  

Görülən işlərə gəlincə, mənə elə gəlir bir iş görməyə ehtiyac yoxdur. Çünki hər iki tərəfdə adekvat insanlar var, onlar başa düşürlər. Bu gün komanda çox yüksək əhval-ruhiyyə ilə mövsümə hazırlaşır. Mən düşünürəm ki, çox yaxşı komandamız formalaşıb. Bəlkə bir-iki mövqeyi gücləndirə bilərik. Komanda başını aşağı salıb gələn mövsümə hazırlaşır, qarşımızda hədəflər var. Bizim də klub olaraq üzərimizə düşən buna şəriat yaratmaqdır. Azarkeşlərlə bağlı bunu demək istəyirəm ki, keçmişdə nə olubsa, artıq arxada qalıb. Yeni mövsümdə bunları unutmaq lazımdır. Həm “Neftçi”, həm də azarkeşlər narazılığı unutmalıdır. Çünki bu gün “Neftçi”nin bir azarkeşinin belə müsbət enerjisinə, fikirlərinə ehtiyacı var. Hər bir azarkeş bizim üçün önəmlidir. Və onların fikirlərinin müsbət olması üçün əlimizdən gələni edirik. Sadəcə, keçmişdə olanları unutmaq lazımdır. Çünki danışmadan nəyinsə həll olunması mümkün deyil. Dialoqlar qurulsa, hər kəs öz üzərinə düşəni etsə, düşünürəm ki, hər şey qaydasına düşəcək. Mən ən azından bunu hiss edirəm ki, “Neftçi” azarkeşi komandasına inanır. Əlbəttə, kluba inanmayanlar da var. Bunların da fikrinə hörmətlə yanaşmaq lazımdır.
- Azarkeşlərin yenidən stadionlara cəlb olunması üçün hansı tədbirlər görüləcək? Azarkeşlərlə görüş olacaqmı?
- Bunlar ən birinci komandanın nəticələrindən asılıdır.  Azarkeşi stadiona toplayan komanda, daha doğrusu, yaxşı nəticədir. Hətta bəzən nəticə yaxşı olmasa belə, komanda döyüşkən futbol göstərərsə, azarkeşlər onu tək qoymurlar. Ancaq “Neftçi”də həm yaxşı futbol göstərməlisən, həm də yaxşı nəticə qazanmalısan. Biz də klub olaraq bu barədə mütləq işlər görəcəyik. Gələcəkdə nəzərdə tutduğumuz layihələrimiz var. Bunlar yavaş-yavaş baş tutacaq. Bu ayın sonuna yaxın layihələrimizi görəcəksiniz. Azərbaycanda ən çox oxunan saytlardan biri olan Qol.az saytı vasitəsi ilə bütün “Neftçi” azarkeşlərinə müraciət etmək istəyirəm ki, klubun və komandanın ətrafında birləşin, kömək edin bu komandaya. “Neftçi”nin azarkeşlərinin dəstəyinə ehtiyac var. Azarkeşsiz “Neftçi” yoxdur, heç vaxt da olmayacaq. Bu komandanı, klubu ayaqda saxlayacaq lokomotiv qüvvə azarkeşlərdir. Klubun, futbolçuların adından deyə bilərəm ki, onların sizin dəstəklərinizə ehtiyacı var. Sizləri stadionda gördükləri an qüvvələri iki qat artacaq və daha yaxşı oynayacaqlar. Azarkeşlərin stadiona gələndə özlərini daha yaxşı hiss etmələri üçün işlər görürük. Onların problemlə üzləşməməsi üçün əlimizdən gələni edəcəyik. 

- Bəs, mətbuata müraciətiniz varmı?

- Mənə elə gəlir ki, mətbuata şəxsən mənim müraciət etməyim etik olmaz. Çünki mətbuatda mənim çox dostum, birlikdə çalışdığım adamlar var. Elələri var ki, onları özümüzə müəllim hesab etmişik. Elələri var ki, bizi artıq bir qədər yaşlı nəsil kimi görür, nəsə öyrənməyə çalışır. Mən yalnız bunu deyə bilərəm ki, “Neftçi”  və onun hər bir əməkdaşının, futbolçusunun qapısı istənilən vaxt mətbuatın, həmkarlarımızın üzünə açıqdır. Biz istəyirik ki, bütün münasibətlət şəffaf olsun, açıq olsun. Klubda baş verən proseslərdən mətbuatın, ictimaiyyətin məlumatı olsun. Jurnalistlər istənilən məsələ ilə bağlı, günün istənilən saatında bizə zəng edə, suallarını verə bilərlər. Qarşıdan mətbuat günü gəlir – iyulun 22-si, həmin gün də arzularımızı deyəcəyik.

- Əvvəllər də mətbuat xidmətində çalışmısan. Televiziya sahəsindən “Neftçi”yə gəldin. “Neftçi”dən mətbuata baxış necədir?

- Tamamilə fərqlli mənzərədir. Jurnalistikanın içində olub, futbol ictimaiyyətinə, futbola və futbol mediasına baxarkən bir, klubdan digər mənzərəni görürsən. Bu da təbii bir şeydir. Çünki prioritetlər fərqlidir. Sənin baxmaq istədiyin detallar və xırdalıqlara artıq fərqli yöndən yanaşırsan. Ona görə də bir az fərqli görünür. Amma mən bunu dəfələrlə demişəm, Azərbaycanda idman mediasının, mətbuatın bugünkü səviyyəsi, Azərbaycan futbolunun orta ümumi səviyyəsindən geri qalmır, hətta onu üstələyir. Bu gün mənə elə gəlir ki, Azərbaycan futbolunun son illərdə inkişaf etməsinin, klublarımızın uğurlar qazanmasının, futbolumuzun gələcəyinə müəyyən mənada nikbin baxmağımızın əsas səbəbi mətbuatdır. Azərbaycanda mətbuat çox tələbkardır. Xarici futbolçular gəlir Azərbaycana. Elə bilirlər ki, bizim çempionatda oynamaq asandır, amma bura gəlib çətinliklərlə üzləşirlər. Bu, həmçinin də mətbuatın xidmətidir, tələblər çox yüksəkdir. Bu, çox vacib bir şeydir. Məncə, bunu qoruyub saxlamaq lazımdır. Ancaq əlbəttə, hər yerdə axsamalar olur, hər yerdə jurnalist adına yaraşmayan işlər görən insanlar var.(Qol.az)
Tarix: 4 İyul [15:15]
Oxunub: 502 dəfə
Müəllif: Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az

Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"

Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az