“Şüvəlan”ın AFFA-ya aidiyyatı yoxdu” - Emin Abbasov

Emin Abbasov “CBC Sport”dakı işini davam etdirəcək

Növbəti mövsüm birinci divizionda mübarizə aparan komandalardan biri də “Şüvəlan” olacaq. Bir neçə gün öncə qəsəbə təsmilçisində yeni təyinatlar gerçəkləşdi. Tanınmış jurnalist və teleaparıcı Emin Abbasov klubun icraçı direktoru təyin olundu. Dünən Abbasovla əlaqə saxlayıb, yeni işi ilə bağlı fikirlərini öyrənməyi lazım bildik: “Klubun vitse-prezidenti Fikrət Hüseynovla danışdıq. Nə istədiklərini, məqsəd və fikirlərini izah etdilər. Komanda birinci diviziona düşsə də, klubun hər cür infrastukturu var. Məlumat üçün onu deyim ki, stadionun qazonunun dəyişdirilməsi nəzərdə tutulub. Yenə də süni örtük olacaq. Ancaq bilirsiz ki, premyer-liqa klublarından bəziləri qazondan şikayətlənirdi. Ona görə qərara alınıb ki, örtük yenilənsin. Baş məşqçi Aqil Nəbiyevi təqdim etdilər, onunla da söhbət elədik. İndidən klubun növbəti mövsümdə elitaya qayıdıb-qayıtmayacağını söyləmək çətindi. Ancaq nəzərə alaq ki, komanda avrokuboklarda oynayıb, elitada gücünü göstərib. İşi düzgün qura, hər şeyi yaxşı şəkildə həyata keçirə bilsək, premyer-liqaya da yüksələ bilərik. Orda öz fikrimi bildirəndə dedim ki, mənim əsas məqsədim yaxşı klub modeli hazırlamaqdı. İşimizi peşəkar səviyyədə quraq. Aqil Nəbiyev də savadlı kadrdı, gənc mütəxəssisdi. Çox güman, gənclərdən komanda formalaşdıracaq və bir-iki təcrübəliyə güvənəcək”.

Qeyd edək ki, Abbasov daha öncə də klubda fəaliyyət göstərib. Bir neçə il əvvəl “Qarabağ”da aşağı yaş qrupları üzrə əlaqələndirici kimi çalışan Emin bəy daha sonra öz istəyi ilə Ağdam təmsilçisindən ayrılmışdı. Yenidən kluba üz tutması haqda Abbasov bunları dedi: “Düzdü, daha öncə də klubda çalışmışam. İndi bəzi fərqlər var. Razıyam, burda iş daha məsuliyyətlidi. İşin maraqlı tərəfi də elə bundadı. Təxminən 5 il öncə “Qarabağ”da çalışmışam. Həmin iş də mənim üçün bir təcrübə olmuşdu. Ancaq onda fəaliyyətim daha çox uşaq futbolu ilə bağlı idi. İnsanın hər yaş dövründə qazandıqları onu bir qədər də kamilləşdirir.
 
“Şüvəlan”dan təklif gələndə bir qədər düşündüm, dərhal qərar vermədim. İş daha məsuliyyətlidi, birbaşa icra məsələsi mənə tapşırılır, bütün proseslərə nəzarət etməliyəm. Çalışacağıq ki, öz ideyalarımıza uyğun klub strukturu quraq. Təbii, asan iş yoxdu. Daha öncə də klublardan təkliflərim olub. Ancaq mən bildirmişəm ki, klubda 4-cü, 5-ci şəxs olmaq istəmirəm. İstəyirəm ki, öz ideyalarımı gerçəkləşdirim. Klubda müəyyən söz sahibi olum, planlarımı ortaya qoya bilim. Deyək ki, başının üzərində vitse-prezident var, onunla məsləhətləşib, fikrini izah edib işini görəcəksən. Bir də var ki, sən 5-6-cı adamsan, düşüncəni ən yuxarı çatdırana qədər mahiyyətini itirir. Bu baxımdan yeni tutacağım post mənim üçün əhəmiyyətlidi. Doğrudu, ideyanı gerçəkləşdirmək üçün məsləhətləşəcəm. Ancaq əmin olacam ki, həmin işi görə biləcəm. Dediyim kimi, sonuncu dəfə klubda çalışmağımdan 5 il keçib. Özümə inanıram. Bir məqamı da qeyd edim. Bu gün hansısa premyer-liqa klubundan icraçı direktor postu təklif olunsaydı, təbii, orda iş həcmi daha böyük olardı. Premyer-liqada bu vəzifəni icra etmək daha çətindi. Lakin birinci divizion bir tərəfdən mənim üçün də məktəbdi. Yavaş-yavaş idarəçi kimi özümü orda hazırlayım. Gələcəkdə komanda premyer-liqaya çıxanda, mən də ordakı mübarizəyə hazır olum. Təklif sevindirici idi, ancaq dediyim kimi, düşündüm, qərar verdim. Çox xoş oldu ki, belə bir əhəmiyyətli işdə mənə güvəndilər, etimad göstərdilər. Açığı, bu sahədə məndə nəzəri biliklərdi. Araşdırıram, oxuyuram, xarici mətbuata müraciət edirəm ki, iş necə qurulur. Artıq praktiki cəhətdən də bunu həyata keçirməyin vaxtı çatıb. Bütün gücümü, intellektimi, bacarığımı nümayiş etdirməyə çalışacam”.

Görəsən, Emin bəy artıq “CBC Sport”la sağollaşıb? Yoxsa o telekanalda da fəaliyyətini davam etdirəcək? Abbasovu dinləyək: “Xeyr, “CBC Sport”la sağollaşmamışam. Hələ ki telekanal rəhbərliyi ilə aramızda bu haqda geniş müzakirə getməyib. Bir ay burda layihəmiz var, ən azı onu həyata keçirəcəyik. Belə baxanda “Şüvəlan”da işlər başlamayıb. Fasilədi və təhvil-təslim, sənədləşmə işləri gedir. Belə deyim, bu ay boşluqdu, elə bir iş yoxdu. Qeyd etdiyim kimi, “CBC Sport”dakı layihəni sona çatdıracam. Ondan sonra yeni mövsümlə bağlı müzakirəmiz olacaq. Məncə, xarici çempionatları şərh etməyimdə heç bir problem yoxdu. Bilirsiz ki, Rüstəm Əfsərli də “Neftçi”də çalışacaq, ancaq İtaliya çempionatını şərh edəcək. Mənim də Hollandiya, Rusiya və başqa ölkələrin çempionatını şərh etməyim işimə mane olmayacaq. Bunlar bir-birinə qarışan işlər deyil. Hər nə qədər klubda çalışsaq da, jurnalistik, bu da yaradıcı işdi, daxili tələbatımızdı. Xarici liqalardakı oyunlar axşam saatlarında olduğundan işimə, ümumiyyətlə, mane olmayacaq. Yerli çempionatın şərhini də yəqin ki məsləhətləşəcəyik. Açıq danışsaq, birinci divizion premyer-liqa deyil və burdakı mübarizə ordakı intriqaya qarışmır. Amma yenə də o məsələdə “CBC Sport” rəhbərliyi qərar versə, daha yaxşıdı. Olmasa, xarici çempionatdakı işimi davam etdirərəm. Şəxsən “CBC Sport”dakı fəaliyyətimi davam etdirmək istəyirəm. Harda olsaq da, futbol bizim həyat tərzimizdi. Həmişə özümüzü bu işin içində hiss edirik. Odu ki, bu işdən qopmamağa maksimum şəkildə çalışacam. Bilirsiz ki, mən telekanalda ştatdankənar işçiyəm. Nə qərar verilsə, razılaşacam. Klub tərəfindən hansısa əks reaksiya olmayıb. Belə deyim, xarici çempionatla bağlı hansısa problem yoxdu. Etiraz etməyiblər. Yerli çempionatla bağlı da heç bir qadağa söhbət mövzusu olmayıb. Bilirsiz, futbol ictimaiyyəti bir-birini yaxşı tanıyır. Əyani və ya qiyabi tanışlıq fərq etmir, hamı bir-birinə bələddi. Məni də dəvət edəndə hər şeyi yaxşıca düşünüblər. Bu üzdən telekanaldakı fəaliyyətim problem olmamalıdı. Klubda işləyə-işləyə oteldə çalışmıram, yenə də futbol təsərrüfatındayam. Məncə, heç bir problem yoxdu”.

O, klubun maliyyə məsələsinə də toxundu: “Əvvəla onu deyim, bu klubun AFFA-ya, ümumiyyətlə, aidiyyatı yoxdu. O mənada ki, “Şüvəlan” assoasiasiyadan maliyyələşməyəcək. Bu yüzfaizlik informasiyadı. Klub yenə AZAL-ın balansında qalır. Sadəcə, burda bəzi məsələlər var. Belə ki, premyer-liqa ilə birinci divizionun xərcləri eyni deyil, əməlli-başlı fərq var. Burda elita səviyyəsində yox, plana uyğun bir büdcə tərtib olunacaq. Həmin büdcəyə uyğun da işimizi quracağıq. Əlbəttə, maliyyə sıxıntısı olanda hamıya təsir edir. Çünki burda futbolçuların və işçilərin aldığı maaş elə də böyük deyil. O da aylarla gecikəndə hər kəs sıxıntı keçirir. Fikrət bəylə də bu haqda söhbət etdik. Məndə olan məlumata görə, qarşıdakı mövsüm belə bir problem olmayacaq. Maliyyənin az olması başqa məsələdi. Əsas odu ki, olan pul gecikdirilməsin. Gecikmə deyəndə 3-5 gün yox, daha uzun müddəti nəzərdə tuturam. Klub əvvəlki sponsorlar tərəfindən maliyyələşəcək. Mənə bildirilib ki, problem olmayacaq. Həm Robert Prosineçki, həm də Roman Qriqorçuk qeyd edib ki, futbol maliyyə tələb edən sahədi. Yəni burda təkcə coşqu və həvəslə çox iş görmək olmaz. Əsas odu ki, maliyyə dayanıqlığını təmin edək. Klub modelini elə görürəm. Belə deyim, maliyyə azdı-çoxdu, fərq eləmir, ən əsası daim olmasıdı”.(futbol+)
Tarix: 15 İyun [16:50]
Oxunub: 254 dəfə
Müəllif: Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az

Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"

Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az