"Mən niyə Azərbaycan futbolunda bu iyrənclikləri görməliyəm?"

Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov həm də futbol azarkeşidi. Hər zaman "Xəzər Lənkəran"ın oyunlarında görməyə alışdığımız sənətçi cənub klubu dağılandan sonra stadionlarda görünmür. Bu günlərdə onunla söhbətləşmək imkanımız oldu. Həm "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasından danışdıq, həm Azərbaycan, həm də dünya futbolundan...
 
- "Xəzər Lənkəran" fəaliyyətini dayandırandan sonra yenə futbolla maraqlanırsınızmı?
- Əlbəttə, maraqlanıram. Hansısa klubu sevib, sonra futboldan imtina edən adamdan fanat olmaz. Azərbaycan və dünya futbolunda kim yaxşı oynayırsa, ona azarkeşlik edirəm. Futbol elə bir oyundu ki, bir komanda üzərində formalaşa bilməz. Dünyada nə qədər yaxşı oyunçular, klublar var, biz onlara tamaşa edirik.
 
- "Xəzər Lənkəran"dan sonra Azərbaycanda hansı kluba rəğbət bəsləyirsiniz?
- Nə qədər yaxşı oyun göstərən komanda var, onlara hörmət edirəm, oyunlarından zövq alıram. "Qarabağ" hamımız üçün əzizdi. Qarabağ yaralı yerimizdi, bu adı daşıyan kluba hər birimiz rəğbət bəsləyirik. "Qarabağ" o adı dayışır və mötəbər yarışlarda uğurla çıxış edir. Bu komanda bizim fəxrimizdi. Əlbəttə ki, mən də onlara azarkeşlik edirəm. Həmçinin yaxşı oyun göstərən digər klublamızı dəstəkləyirəm. Ümumiyyətlə, məni yaxşı oyun maraqlandırır. Digər məqamlarla maraqlanmıram.
 
- "Xəzər Lənkəran" rəhbərliyi ilə həmişə yaxşı münasibətləriniz olub. Amma son açıqlamanızda bəzi ittihamlar gördük. Bu açıqlamadan sonra onlarla münasibətləriniz pisləşməyib?
- Bu komandanın rəhbərləri mənim üçün əziz insanlardı. Onların klub, futbol işlərinə qarışmıram. O işləri məndən daha yaxşı bilirlər. Bəzən mənə sual verirlər, danışıram, amma fikirlərimi olduğu kimi yazmırlar. "Xəzər Lənkəran"ın başında dayananlar ağıllı, savadlı insanlardı, işlərini də yaxşı bilirlər. Yəqin ki, Azərbaycan çempionatında nəsə baş verib ki, çıxışlarını dayandırıblar. 
 
- Mübariz Mənsimovla "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırması barədə indiyədək söhbətiniz olub?
- Mübariz Mənsimov çox böyük iş adamıdı. İndi onun bu işlərlə məşğul olmağa vaxtı yoxdu. Həm də biz ayda-ildə bir dəfə görüşürük, onda da başqa söhbətlər edirik. Bu söhbətləri klubu idarə edənlər, mütəxəssislər müzakirə edir. Mübariz Mənsimov futbola bağlı insandı. Yəqin ki, nələrsə baş verib deyə bu addımı atmalı olub. İnanıram ki, "Xəzər Lənkəran" nə vaxtsa yenidən fəaliyyətə başlayacaq. Hərdən qulağıma belə söhbətlər gəlir.
 
- Əvvələr "Neftçi" azarkeşi olduğunuzu bilirik. Bu komandanın indiki durumu azarkeş kimi sizə necə təsir göstərir?
- "Neftçi"yə görə bilirsiz nələr eləmişəm? "Neftçi"nin təqvimini götürürdüm, ev oyunları olanda proqramıma yalandan yazırdım ki, guya Bakıda toyum var. Həmin vaxt rayonda yaşayırdım. Bakıya gəlib oyunlarını izləyirdim. Allah Banişevskiyə rəhmət eləsin. Onun oyunu tamaşa idi. Son illərdə İsgəndər Cavadov, Maşallah Əhmədov və digərləri zövq verirdi bizə, futbolu sevdirirdi. "Neftçi"nin bugünkü vəziyyəti mənə pis təsir edir. Bu komanda bu vəziyyətdə olmamalıdı. "Neftçi" Azərbaycan paytaxtının markasıdı, bu vəziyyətə düşməməlidi. Dövlət özü nəzarət etməlidi, yaxşı futbolçular alınmalıdı. 
 
- Yığma komandanın oyunlarını necə, baxırsınız?
- Həmişə demişəm ki, dünyada futbol sürətdən asılıdı. O, sürətə nail olmasan, nə qədər texnikalı oyun sərgiləsən də, xeyiri olmayacaq. Azərbaycan yığması ola bilər ki, 15-20 dəqiqə böyük komandalara müqavimət göstərə bilsin. Amma futbol 15 dəqiqədən ibarət deyil, 90 dəqiqədi. Sürətli, fiziki cəhətdən güclü futbolçular yetişdirmək lazımdı. Əks halda, heç bir inkişaf olmayacaq. Azarkeş sayına baxın, görün oyunlara nə qədər adam gəlir. Bu həmin Azərbaycandı ki, balaca stadionlara 20 min adam gəlirdi, "Tofiq Bəhramov"da mən 45 min azarkeş görmüşəm. Gör nə günə düşmüşük ki, 100 nəfər azarkeş görəndə sevinirlər. Bununla yığma, klublar hansı uğuru qazana bilər?
 
- Sizcə, kimdi bunun günahkarı?
- Günahkarı siz də bilirsiz, mənim deməyimə ehtiyac yoxdu. Mən adi bir vətəndaşam, futbola marağım var. Öz haqqımı tələb edirəm ki, niyə Azərbaycan futbolunda bu iyrənclikləri görməliyəm? 3 milyon əhalisi olan ölkələrin futboluna baxın, görün necə can yandırırlar, necə işləyirlər. 
 
- Dünyada hansı kluba azarkeşlik edirsiniz?
- İki kluba azarkeşlik edirəm ki, onlar da bir ölkənin təmsilçiləridi. Bunlardan biri "Barselona", digəri "Real"dı. Hər ikisində mənim ruhumu oxşayan futbolçular çıxış edir. "Barselona"da Messi, Neymar, Suares varsa, "Real"da Ronaldo, Marselo kimi futbolçular var. Bu futbolçuların oyunundan bədii mənada zövq alıram. Futboldan gərək zövq alasan. Futbol tamaşadı, filmdi, mədəniyyətdi, dava-dalaş yox.
 
- Yığma komanda səviyyəsində hansı komandaya rəğbətiniz var?
- Yığma komandalara əslində azarkeşlik etmirəm. Amma Azərbaycan yığması mənim üçün əzizdi. Onun uğurlar qazanmasını istəyirəm.
 
Pərvin
Fanat.Az
Tarix: 8 May [19:45]
Oxunub: 261 dəfə
Müəllif: Aut.az

“Traktorsazi”nin hər yerdə azarkeşi var" - MÜSAHİBƏ

Aut.az

SSRİ yığmasından çayxana işlətməyə qədər keçən yol - MÜSAHİBƏ

Aut.az

"Mən niyə Azərbaycan futbolunda bu iyrənclikləri görməliyəm?"

Aut.az

Futbolçudan şok açıqlama: "Neftçi"yə keçmədim, AFFA..." - MÜSAHİBƏ

Aut.az

Çingiz Abdullayev: Son vaxtlar Allahı yalnız "Neftçi"yə görə narahat edirəm... - MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin tam dağılmasını gözləyirlər? "Neftçi" ilə zarafat etmək olmaz"

Aut.az

“...Başımı götürüb qaçmaq istəyirdim” – 10 yaşlı “Apasport”un redaktoru

Aut.az

“Leytenanta dedim ki, onu gətir, öldürəcəklər” - Polkovnik hakim

Aut.az

“Hər dəfə məni görəndə soruşur ki, pul var?” – “Qarabağ”ın baş meneceri

Aut.az

“Qəzadan sonra gözümü açanda gördüm ki, başımın üstə Qurban Qurbanov durub”

Aut.az