"Neftçi"nin tam dağılmasını gözləyirlər? "Neftçi" ilə zarafat etmək olmaz"

Sabiq FİFA referisi və “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanovun müsahibəsi
 
- Ölkə kubokunun yarımfinal mərhələsində keçirilən “İnter” – “Qəbələ” (1:3) matçında qonaqların qolu sayılmadı. Buna münasibətiniz maraqlı olardı...
- Hakimlik mövzusu çox müzakirə olunub. Çempionatda səhvlər yetərincədi. Bütün klublar bunun əziyyətini çəkiblər. Hesab "Qəbələ"nin xeyrinə olduğu üçün çox qabardılmadı. Məncə, cütün taleyi artıq həll olunub. Əsas odu ki, çempionatın son 5 turunda nəticəyə təsir edən hakim səhvləri olmasın.
 
- Ümumiyyətlə, maçın baş hakimi Elvin Əsgərov, demək olar ki, bütün epizodlarda gec fit çalırdı. Sanki səhv etməkdən qorxurdu. Sizcə, bu, nədən qaynaqlanır?
- Qeyd etdiyim kimi, hakim səhvləri çox olduğu üçün ehtiyatlı olmağa məcburdular. Hakimlərin əksəriyyəti psixoloji cəhətdən oyunlara hazır deyil. Görüşlər rahat keçəndə problemlər üzə çıxmır. Gərgin oyunlar olan kimi, bir çox hakimlərdə hazırlıqsızlıq açıq-aşkar görünür.
 
- Yarımfinalın digər cütündə isə “Qarabağ” ikinci heyətlə “Neftçi”nin yubiley bayramını korladı. Halbuki, Ağdam klubunun rəqibinə finala çıxmaq şəraiti yaradacağı deyilirdi...
- “Neftçi”nin yubiley tədbirini "Qarabağ" deyil, özləri Bakı Əyləncə Mərkəzində əylənməklə korladılar. Sadəcə, bu əylənməyin son nöqtəsi 0:2 oldu. "Qarabağ" isə əsas oyunçularının olmamağına baxmayaraq, sübut etdi ki, söz-söhbətlər əsassızdı. Hətta matçın sonunda onlar 11 yerli futbolçu ilə mövsüm ərzində 15-16 legioner dəvət etmiş komandaya rəqib meydanda şans vermədilər.
 
- Razısınız ki, hər iki cütlükdə məsələ həll olunub və azarkeşlər “Qarabağ” – “Qəbələ” finalına şahidlik edəcəklər?
- Böyük ölçüdə razıyam. Hər iki komanda səfər görüşlərində sərfəli qələbə qazanıb. Futbolda istənilən nəticəni geri çevirmək olar. Bunun üçün isə "Barselona" təfəkküründə olmalısan.
 
- Hakimlərin təzyiq altında olmaları bu mövsüm çox səhvə yol vermələrinə səbəb olub. Sizcə, indiki durumda kubokun final görüşünə əcnəbi referi gətirmək daha məqsədəuyğun deyilmi?
- Hakimlər təzyiq altında deyillər. Rəqabətsiz çempionatda bu mümkün deyil. "Qəbələ" - "Qarabağ" görüşünü yadınıza salın. Oyuna qədər çox hakim səhvləri müzakirə olundu və çempionluq yolunda da önəmli görüş idi. Əksinə, ictimaiyyətin nəzarətində olan matçda hakimlik problemi olmadı. Əcnəbi hakimə ehtiyac yoxdu.
 
- Azərbaycan hakimlərindən kim bu görüşü problemsiz idarə edə bilər?
- Final diqqət mərkəzində olacaq. Əsas oyunu yüksək səviyyədə idarə edə biləcək hazır hakimlərə üstünlük verilməlidi. Finala hələ vaxt var. 5 turdan sonra ən yaxşılar arasından obyektiv seçimə uyğun təyinat olmalıdı.

 

- “Neftçi”dən söz düşmüşkən, klub rəhbərliyi 80 illik yubileyi ilə bağlı yığıncaq keçirdi. Ancaq tədbirə komandanı tarixində ilk dəfə Avropa Liqasının qrupuna yüksəldən rəhbərlikdən heç kim qatılmadı. Bunu necə başa düşmək olar?

- Kimlərin dəvət olunub-olunmamasını dəqiq bilmirəm. Vacib oyundan öncə "yeyib-içmək" məclisi düzəltməzlər. Bizim dəvət olunmamağımız indiki rəhbərliyin qazandığımız nəticələrin kölgəsindən, xofundan ayılmamağıdı, acizlikdir. 8 komandalı çempionatda birtəhər 5-ci yerə "yüksəlmiş" klub rəhbərliyi ilə yüz qram “vurmaq” həvəsində də deyildik. Biz "Neftçi"nin yubileylərini Milanda Moratti, Fiqu ilə qeyd edib, "San Siro"da 2 qola 2 qolla cavab verənlərdənik. Əyləncə Mərkəzində əylənib, "Bakcell"də "Qarabağ"ın ikinci heyətinin qələbəsindən "paxmel" altında feyziyab olanlardan deyilik. Futbolda təsadüfi, kölgə psixologiyalı adamlardan tarix yazan olmaz. Qazandığımız nəticələrin heç olmasa 50 faizini əldə etsinlər, sonra bizimlə bir yerdə oturmaq şərəfinə layiq olub-olmadıqlarına baxarıq. Hələ ki, bizim yanımızda olmaq qalsın bir tərəfə, adımız gələndə özlərini narahat hiss edirlər. Bir mövsümə bu qədər legioner dəvət ediblər. Nə etsinlər?! Sonda sponsora, azarkeşə, dəvət olunmayan jurnalistə, ictimaiyyətə hesabat vermək lazım gələcək. İndidən əylənirlər ki, sonra vaxt olmayacaq. Əylənənlər başqaları olacaq.

 

- 80 illik klubun tarixi ərzində iki ən böyük nailiyyəti var: 1966-cı ildə SSRİ çempionatının bürünc medalı və 2012-13 mövsümündə Avropa Liqasının qrup mərhələsinə vəsiqə. İkinci uğura biganə münasibəti qısqanclıqla bağlayırsız?

- Bir daha qeyd edirəm ki, niyyət təmiz olmalı, hərə öz bacardığı işlə məşğul olmalıdı. Belə təfəkkürlə tarixi nəticələr altında qalmırlar, yeniləyirlər. Əks-halda, hava çatışmazlığı baş verir. Yerində olmayan insanlar gec-tez "boğulmağa" məhkumdular.


- “Neftçi”, demək olar ki, ölkə kubokundan əlini üzüb. Sizcə, bu komanda hazırkı vəziyyətdə çempionatı 4-cü pillədə başa vurub, avrokuboklara yollana biləcəkmi?

- Bu haqda heç danışmaq istəmirəm. Tarixi klubu nə vəziyyətə salıblar ki, "Xəzər-Lənkəran"sız, "Bakı"sız, rəqabətsiz çempionatda 4-cü yeri düşünürlər. Özlərinə hörmət edən insanlar "bir səhv idi, biz bacarmadıq" deyib, getməlidilər. Bu, baş verməyəcək. Çünki dövlətin, xalqın puluna əziyyət çəkmədən əylənməklə məşğuldular. "Neftçi"nin tam dağılmasını gözləyirlər? "Neftçi" ilə zarafat etmək olmaz.

 

- Premyer Liqada artıq sona 5 tur qalıb. “Qarabağ”la “Qəbələ”nin çempionluq şanslarını necə dəyərləndirirsiniz?

- Hər iki klubun çempionluq şansı bərabərdi. "Qarabağ"ın çempionluq təcrübəsi çox olsa da, "Qəbələ" klub olaraq toparlansa, çempion olmaq şansları yüksəkdi.(apasport.az)

Tarix: 31 Mart [19:37]
Oxunub: 403 dəfə
Müəllif: Aut.az

“Traktorsazi”nin hər yerdə azarkeşi var" - MÜSAHİBƏ

Aut.az

SSRİ yığmasından çayxana işlətməyə qədər keçən yol - MÜSAHİBƏ

Aut.az

"Mən niyə Azərbaycan futbolunda bu iyrənclikləri görməliyəm?"

Aut.az

Futbolçudan şok açıqlama: "Neftçi"yə keçmədim, AFFA..." - MÜSAHİBƏ

Aut.az

Çingiz Abdullayev: Son vaxtlar Allahı yalnız "Neftçi"yə görə narahat edirəm... - MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin tam dağılmasını gözləyirlər? "Neftçi" ilə zarafat etmək olmaz"

Aut.az

“...Başımı götürüb qaçmaq istəyirdim” – 10 yaşlı “Apasport”un redaktoru

Aut.az

“Leytenanta dedim ki, onu gətir, öldürəcəklər” - Polkovnik hakim

Aut.az

“Hər dəfə məni görəndə soruşur ki, pul var?” – “Qarabağ”ın baş meneceri

Aut.az

“Qəzadan sonra gözümü açanda gördüm ki, başımın üstə Qurban Qurbanov durub”

Aut.az