“Düzünü danışıram deyə məni əzməyə çalışırlar”

Orxan Hacıağalı 1992-ci il iyulun 21-də Zaqatalada anadan olub. Uşaqlıqdan idmana maraq göstərən Orxan 1997-ci ildən cüdo ilə məşğul olmağa başlayıb. Orxanın həmişə idmanda yaxşı nəticələr verməyi, vətənin bayrağını yüksəltməyi arzulayıb. 66 kq çəki dərəcəsində yarışan Orxan Hacıağalı  söhbətə bu sözlərlə başladı:

 

“Məni idmana qardaşım aparıb. Çünki uşaqlıqda çox döyüşkən olmuşam. Qardaşım Sərxan da qərara gəlib ki, məni cüdo idmanına qoysun. İlk medalım  1998-ci ildə Bakı şəhər birinciliyində oldu, 3-cü yerə çıxdım”.

 

- Bu günə qədər sənin üçün çətinlik yaradan idmançı kim olub?

- Nicat Şıxəlizadə məndən həm yaşca böyükdür, həm də onu bütün yarışlara aparırlar. Bundan əlavə, təcrübəsi məndən çoxdur. Onunla həyatda dostuq. Düzdür, döşəkdə qarşılaşmamışıq.

 

- Bəs elə bir idmançı olub ki, onunla döşəyə çıxarkən tərəddüd etmisən, çəkinmisən?

- Heç vaxt rəqibimdən qorxmamışam. Məndən qorxa bilərlər, amma mən heç vaxt...

 

- Hər bir insanın həyatında çətinliyi olur. Yəqin ki, səndə də belə hallar olub?

- Olub. Məni həmişə məşqçilər sıxıb. Mənim üçün şərait yaratmayıblar. Bunun da səbəbi həmin müəllimlərin istədikləri klubların adıyla güləşməməyim olub.  Həmin klubun adıyla güləşmək onların adıyla güləşmək deməkdir. Bu da onların xeyrinə olur.

 

- Bəlkə pul, mükafat söhbəti olub ortada?

- Yəqin ki, elədir. Amma hazırda da bizə heç baxmırlar. Nə vitamin, nə də maaş vermirlər. Milli komanda heç təlim-məşqlərə də aparılmır.

 

- Məşqləriniz neçə keçirilir bəs?

- Gün ərzində 2 dəfə - səhər 8 də, axşam 16:00-da. Məşqçilərimiz çox zəifdir. Ömründə bir yarışda yer tutmayan adamları baş məşqçi qoyublar. Yəqin ki, Hacıağa müəllim haqda da eşitmisiz.

 

- Onunla idmançılar arasındakı münasibət necədir?

- Çox pis... Onun idmandan heç anlayışı yoxdur. Bizim məşqçimiz ikiqat olimpiya çempionu Peter Zayzenbaher idi. Onun “torbasını tikib” indiki məşqçini gətirdilər. Hacıağa müəllimin məşqlərinin isə heç bir xeyri olmur. Əksinə uşaqlar geriləyir.

 

Nə düşünürsən, millidəki problemlərin arxasında əsas hansı səbəblər durur?

- Əsas onların pul qazanmaq üçün qurduqları “mafiya”... Fedarasiya rəhbərliyi və məşqçilər dəyişilməlidir. Yoxsa cüdo idman növü göz görə-görə batacaq.

 

- Peter Zayzenbaher olanda bu problemlər yox idi?

- Xeyr, çünki o, bunların dediyini etmirdi. Heç birini yaxın buraxmırdı. Keçən dəfə etiraz aksiyası keçirdik. Televiziyalar çəksə də, yayımlamağa qoymadılar. Artıq biz bezmişik.

 

- Gənclər və İdman nazirliyindəki görüşün də xeyri olmadı?

- Xeyr olmadı.

 

- Hansı beynəlxalq turnirlərdə qələbələriniz və nəticələriniz var?

- 3 dəfə dünya kuboku, 1 dəfə Avrasiya, 2 dəfə Avropa kuboku və bir çox beynəlxalq yarışların qalibi olmuşam. Amma bir qəpik maaş və ya mükafat  almamışam.

 

- Hazırda sənə heç bir maaş verilmir? Bəs buna nə ad verirlər, bəhanələri nədir?

- Bilmirəm vallah, deyirlər pul yoxdur. Axırıncı dəfə keçən il maaş ala bilmişəm.

 

- Həm bir insan, həm də idmançı kimi şəraitini qura bilməyin, yaşamağın üçün pul vacibdir. Bəs indi necə dolanırsan?

- Hazırda tikintilərin birində fəhlə işləyirəm. Bundan əlavə atam da kömək edir.

 

- 3 dəfə dünya kuboku, 2 dəfə Avropa kubokunun qalibi indi fəhlə işləyir?

- Bəli. Nə edim bəs? Ailəm var, onlara necə baxım?

 

- Maraqlıdır, federasiya idmançısının belə çətin bir işdə işləməyini necə qarşılayır?

- Nə bilim vallah. Amma onu bilirəm ki, onlar bizim haqqımızı yeyirlər.

 

- Düsseldorfda olan yarışa sən də getmişdin?

- Xeyr aparmadılar. Mənə dedilər ki, sən uduzacaqsan, amma elə oldu ki, hamısı uduzdu.

 

- Bəs I Avropa Oyunlarına hazırlaşırsanmı?

- O da bilinmir. Mən hər şeyin düzünü danışıram deyə, məni əzməyə çalışırlar. Bu problemlər belə davam etsə, cüdo idman növündə heç bir idmançı güləşməyəcək. Boykot edəcəyik.

 

- Belə çıxır ki, düz danışmağın onlara xeyir etmir?

- Bəli etmir. Çünki mən həmişə onlardan şikayətlənirəm, haqqımı tələb edirəm. Onlar da bunu sevmir.

 

- Heç xaricə üz tutub, orada güləşmək istəmisən?

- İndi həm də “Qalatasaray” İdman Klubunda güləşirəm. Bəlkə ölkədən çıxıb getdim, Türkiyənin adından güləşdim. Dekabrda “Qalatasaray” İdman Klubunun tərkibində olarkən superkubok qazandıq.

 

- Belə çıxır ki, artıq Türkiyədəki məşqçilərin gözünə girməyi bacarmısan?

- Elədir.

 

- Şəxsi məşqçin bu barədə nə deyir?

- O da getməyimin tərəfdarıdır. Deyir get.

 

- I Avropa Oyunlarında iştirak hüququ qazansan, səncə nəticə verə biləcəksən?

- Bu barədə yüz faizli nə isə demək çətindir. Onu Allah bilir.

 

- Bu cür şəraitdə öz çəkini necə qoruya bilirsən? Bütün bunlar səni formadan salmayıb?

- Düzdür, psixoloji təsiri var. Amma güc baxımından problemim yoxdur.

Hər an döşəyə çıxıb güləşməyə hazıram.

 

- İdmançı karyeranı nə vaxta qədər davam etdirməyi düşünürsən?

- Dəqiq bilmirəm. Gücüm çalana qədər. Amma idmandan ayrılmayacam. Məşqçi kimi davam etməyi düşünürəm

Publika.az

Tarix: 6 Mart [00:00]
Oxunub: 1145 dəfə
Müəllif: Aut.az

Futbolpress.az 9 yaşında

Aut.az

Həbib valeh olduğu futbolçunun adını açıqladı

Aut.az

Şahmatçımız beynəlxalq turnirdə qalib oldu

Aut.az

Kadırovdan Nurməhəmmədov-Meyvezer döyüşü barədə bəyanat

Aut.az

Prezident idmana marağından danışdı

Aut.az

"Turkcell” "Topaz”ı satdı

Aut.az

Cavid Hüseynova dopinq cəzası - SİYAHI

Aut.az

Günün oyunları - TV

Aut.az

İlham Əliyev Olimpiya medalçılarını mükafatlandırdı

Aut.az

Günün oyunları - TV

Aut.az